İƏT-in Əfqanıstanla bağlı növbədənkənar iclası keçirilib
Qahirə, 22 avqust, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş qərargahında üzv ölkələrin daimi nümayəndələrinin iştirakı ilə Əfqanıstandakı vəziyyətlə bağlı növbədənkənar iclas keçirilib. Təcili toplantının keçirilməsini Səudiyyə Ərəbistanı təklif edib.
AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən İƏT-in Baş katibi Yusif bin Əhməd əl-Osaymin Əfqanıstanda qurulacaq yeni hökumətin cəmiyyətin bütün təbəqələrini, bu ölkədəki etnik qrupları əhatə edəcəyinə ümidvar olduğunu bildirib. O əlavə edib ki, bu gün Əfqanıstan cəmiyyəti milli barışığa nail olmalı, həmçinin “Taliban” beynəlxalq sazişlərə və hüquq normalarına hörmət etməlidir.
Baş katib qeyd edib ki, beynəlxalq ictimaiyyət və Kabildəki rejim Əfqanıstanın bir daha terrorçular və ekstremistlər üçün platforma, yaxud sığınacaq olmaması üçün birgə fəaliyyət göstərməlidirlər. İƏT əfqan xalqının hüquqlarının və təhlükəsizliyinin qorunacağı, bu sahədə beynəlxalq hüquqa əməl ediləcəyini gözləyir.
Əl-Osaymin onu da bildirib ki, məcburi köçkünlərin və qaçqınların humanitar ehtiyaclarının təmin edilməsi təxirəsalınmaz məsələdir. O, İslam maliyyə qurumlarını və tərəfdaşlarını baş verə biləcək humanitar fəlakətin qarşısını almaq istiqamətində təcili tədbirlər görməyə çağırıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə