III Yay Mühəndislik Məktəbi layihəsinə başlanılmışdır
Bakı, 14 may (AZƏRTAC). CES (Caspian Engineers Society) “bp-Azərbaycan” şirkətinin və Qafqaz Universitetinin dəstəyi ilə III Yay Mühəndislik Məktəbi layihəsinə başlamışdır.
AZƏRTAC xəbər verir ki, əsas məqsəd tələbələrin akademik biliklərini real sənaye təcrübələri ilə möhkəmləndirmək, onları müasir texnologiyaların tətbiqi haqqında maarifləndirmək, ixtisaslararası iş, layihənin idarə edilməsi və sənayedə texniki bütövlük bacarıqlarını təkmilləşdirmək, karyera yolu və peşəkar inkişaf proqramlarının tərtibi, problemin həlli, vaxtın idarə olunması, qrup rəhbərliyi, təzyiq altında iş və komanda işi bacarıqlarını inkişaf etdirmək, təcrübə mübadiləsi məqsədi ilə peşəkar mühəndislərlə tələbələrin görüşlərini təşkil etməkdir.
Layihə Qafqaz, Azərbaycan Memarlıq və İnşaat, Azərbaycan Texniki, Xəzər və Bakı Dövlət universitetləri, Azərbaycan Dövlət Neft Akademiyası, eləcə də digər texniki universitetlərdən seçilmiş 24 tələbə üçün təşkil olunacaqdır. Seçim prosesi texniki fənlərdən test və müsahibə yolu ilə aparılacaqdır. Layihənin Qafqaz Universitetində iyulun 1-dən 8-dək keçirilməsi nəzərdə tutulur. Proqramda gündəlik seminar, qrup çalışmaları, təqdimatlar və mühəndislik videoları ilə yanaşı, fərqli biznes və sənaye müəssisələrinə gəzintilər də nəzərdə tutulur. Hər günün sonu maraqlı əyləncəli proqram, interaktiv oyunlar, ekskursiyalar, gəzintilər və ya işgüzar şam yeməyi ilə davam edəcəkdir.
Yay Məktəbinə müraciət CES-in rəsmi veb-səhifəsində onlayn rejimdə aparılır (www.thecesworld.org). Müraciətlərin qəbulu mayın 30-da başa çatacaqdır. Qəbul olunmuş tələbələrin siyahısı ərizələrin qəbulu bitdiyi tarixdən bir həftə sonra veb-səhifədə dərc olunacaqdır. Layihə ilə bağlı yeniliklər davamlı olaraq CES-in veb-səhifəsində öz əksini tapacaqdır.
######
