İİV-ə testləşmə milli kampaniyası avqustun sonunadək davam edəcək
Bakı, 19 avqust, AZƏRTAC
Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi müəssisə və təşkilatlardan daxil olan müraciətləri nəzərə alaraq 3-10 avqust tarixlərində keçirdiyi “İİV-ə testləşmə milli həftəsi”nin müddətini uzatmaq qərarına gəlib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, İİV-ə testləşmə milli kampaniyası avqust ayının sonunadək davam edəcək, bütün müəssisə və təşkilatlarda müayinələr keçiriləcək.
Respublika QİÇS-lə Mübarizə Mərkəzi 2013-cü ildə qoşulduğu “İİV-ə testləşmə Avropa həftəsi”nin (European testing week) müsbət təcrübə və nəticələrinə əsaslanaraq bu təşəbbüslə çıxış etmişdi. “Testdən keç-təhlükəsiz yaşa” devizi ilə keçirilən bu kampaniya ölkəmizdə İİV/QİÇS-lə mübarizənin daha da gücləndirilməsi, yoluxma hallarının erkən aşkarlanması və profilaktikasının genişləndirilməsi, bu sahədə əhalinin biliklərinin artırılması, İİV-lə bağlı stiqma və diskriminasiya hallarının qarşısının alınması məqsədi daşıyır.
Kampaniya çərçivəsində bir sıra emal, istehsalat və xidmət müəssisələrində İİV-ə (İnsanın İmmunçatışmazlığı Virusuna) müayinə aksiyaları keçirilir. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkimlərindən ibarət briqada müəssisələrin işçilərini könüllü müayinə edir, onlara İİV infeksiyası və ondan qorunma üsulları barədə məsləhətlər verir, sağlam və təhlükəsiz həyat tərzi normaları barədə maarifləndirici materiallar paylayır.
İİV-ə müayinə ekspress-test metodu ilə aparılır. Bu metodla müayinə zamanı heç bir avadanlıq tətbiq edilmir. Sadəcə barmaqdan qan nümunəsi götürülməklə testin nəticələri 10 dəqiqə ərzində müayinədən keçənlərə bildirilir.
Kampaniya BMT-nin İİV/QİÇS üzrə Birgə Proqramının (UNAİDS) 2013-cü ildə elan etdiyi “Sıfır - İİV-ə yeni yoluxmalar, Sıfır - İİV-lə bağlı damğalanma halları, Sıfır - İİV/QİÇS-dən ölum halları” strategiyası əsasında keçirilir.