İki sərbəst güləşçimiz Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib
Bakı, 11 mart, AZƏRTAC
Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir.
AZƏRTAC Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, çempionatın beşinci günündə - martın 11-də sərbəst güləşdə 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcələrində mübarizəyə start verilib.
Tofiq Əliyev (57 kq) dörddəbir finalda böyüklər arasında dünya və Avropa üçüncüsü Horst Lerə (Almaniya) məğlub olub - 2:4.
Zirəddin Bayramov (65 kq) ilk mərhələdə bolqar Stilyan İliyevə heç bir şans tanımayıb - 12:1. Şəmkir güləş məktəbinin yetirməsi dörddəbir finalda türk Hamza Alacadan güclü olub - 11:8. Həmyerlimiz yarımfinalda fransalı Marvan Ahmed Yezzayla qarşılaşacaq.
Milli komandamızın üzvü Murad Yevloyev (70 kq) startda isveçrəli Tobias Portmanı sonuncu xal prinsipinə əsasən (4:4) üstələyib. Millimizin üzvü dörddəbir finalda bolqarıstanlı İvan Stoyanovla bacarmayıb - 5:9.
Mübarizəyə dörddəbir finaldan qoşulan Əşrəf Aşırov (79 kq) gürcü Evsem Şvelidzeylə gərgin keçən görüşdən məğlub ayrılıb - 8:9.
İslam İlyasov (97 kq) da yarışa dörddəbir finaldan başlayıb. Gürcüstanlı Riveri Mitsiturini 5:0 hesabı ilə xalçadan məyus yola salan güləşçimiz adını yarımfinala yazdırıb. İ.İlyasov final yolunda macarıstanlı Riçard Veqlə münasibətləri aydınlaşdıracaq.
Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.