İlahiyyat İnstitutu “Müasir dünyada din təhsili” mövzusunda elmi konfrans təşkil edəcək
Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) dekabrın 16-da “Müasir dünyada din təhsili” mövzusunda respublika elmi konfransı təşkil edəcək.
Tədbir müasir dünyada din təhsili sahəsində mövcud vəziyyətin müzakirəsi, qarşıya çıxan problemlərin təhlili, onların həlli ilə bağlı təkliflərin irəli sürülməsinin təmin edilməsi, bu sahədə fəaliyyət göstərən alim və mütəxəssislər arasında tədqiqat işləri, məlumat və təcrübə mübadiləsi üçün platforma yaradılması məqsədilə keçiriləcək.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, konfrans sovet hakimiyyəti dövründə din təhsili sahəsində vəziyyət və din alimlərinə münasibət, ümummilli lider Heydər Əliyevin siyasətində dövlət-din münasibətləri və Ulu Öndərin din sahəsinə diqqəti, din təhsilində milli-mənəvi və ümumbəşəri dəyərlərin aşılanması zərurəti, tolerant və multikultural mühitin formalaşması istiqamətində Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar və s. mövzularını əhatə edir.
Məqalələr noyabrın 26-dək Azərbaycan, türk və ya rus dillərində “Times New Roman” şriftində aşağıdakı elektron ünvana göndərilməlidir: [email protected].