İlahiyyat İnstitutunun müəllimi pandemiya ilə əlaqədar mövcud vəziyyətin müzakirəsində iştirak edib
Bakı, 9 iyun, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Etika komissiyasının ölkəmizdəki nümayəndəliyinin onlayn iclasında iştirak edib.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, Anar Qafarovun da eksperti olduğu ÜST Etika komissiyasının onlayn iclasında pandemiya ilə əlaqədar mövcud vəziyyət və problemlər müzakirə olunub.
Nabil Seyidovun təqdimatı ilə davam edən iclasda, eyni zamanda, cəmiyyətin koronavirus pandemiyasına yanaşması, əhalinin psixoloji vəziyyəti və koronavirusla əlaqədar reaksiya və rəylərinin müəyyənləşdirilməsi istiqamətində aparılacaq sorğu tipləri müzakirə obyektinə çevrilib. İclas, həmçinin iştirakçı ekspertlər tərəfindən verilən suallar, bu istiqamətdə aparılan müzakirə və mülahizələrlə sona çatıb.
Xatırladaq ki, Azərbaycan İlahiyyat İnstitutunun müəllim kollektivi koronavirus (COVID-19) pandemiyası dövründə müxtəlif vebinarlarda aktiv iştirak ediblər.