İLHAM ƏLİYEVİN AŞPA-NIN SƏDR MÜAVİNİ VƏ BÜRO ÜZVÜ SEÇİLMƏSİ SOYDAŞLARIMIZI ÜRƏKDƏN SEVİNDİRİR
Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin başçısı İlham Əliyevin bu mötəbər beynəlxalq təşkilatın sədr müavini və Büro üzvü seçilməsi Gürcüstandakı soydaşlarımızı da ürəkdən sevindirmişdir. Onlar Milli Məclisin deputatı, Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə belə yüksək etimad göstərilməsini müstəqil Azərbaycanın, onun dünya şöhrətli lideri Heydər Əliyevin uzaqgörən siyasətinin beynəlxalq aləmdə daha bir sanballı qələbəsi kimi qiymətləndirirlər.
AZƏRTAC-ın müxbiri Gürcüstanda azərbaycanlı və gürcü ziyalılarla görüşmüş və İlham Əliyevin siyasi fəaliyyətində yeni nailiyyət barədə öz fikirlərini söyləməyi xahiş etmişdir.
S.-S.Orbeliani adına Tbilisi Dövlət Pedaqoji Universiteti Marneuli filialının rektoru Novruz Bayramov bu müvəffəqiyyət münasibətilə xalqımızı təbrik edərək deyir: “Əslinə qalsa, mən burada təəccüblü bir şey görmürəm. Ona görə ki, İlham Əliyev artıq təcrübəli və peşəkar siyasətçidir. Keçən il Tbilisidəki M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzində Milli Məclisin deputatı Vaqif Abullayevin gürcü dilinə tərcümə olunmuş “O, böyük siyasətə hazırdır” kitabının təqdimatında gürcü ziyalıların İlham müəllim haqqında söylədiyi sözləri xatırlamaya bilmərəm. Onlar səmimiyyətlə deyirdilər ki, İlham Əliyev bütün Cənubi Qafqaz xalqlarının böyük ümid və dərin hörmət bəslədiyi Heydər Əliyev kimi qüdrətli siyasətçinin layiqli davamçısıdır. Əminik ki, Azərbaycanı bütün beynəlxalq təşkilatlarda və məclislərdə layiqincə təmsil edən İlham Əliyev bizi öz qələbələri ilə hələ çox sevindirəcəkdir”.
Kvemo Kartli - Borçalı bölgəsinin qubernatoru Levan Mamaladze Azərbaycan parlamentinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri İlham Əliyevin bu yeni qələbəsindən elə ilk gündən xəbər tutduğunu söylədi. O, qeyd etdi ki, İlham Əliyevlə şəxsən tanışdır və Bakıda olarkən onunla görüşmüşdür. Cənab Mamaladze deyir: Böyük ziyalı ailəsində böyüyüb başa çatan, keçmiş Sovet İttifaqının ən nüfuzlu ali məktəblərindən birini bitirən və orada uzun müddət dərs deyən İlham Əliyev Prezident Heydər Əliyev kimi zəngin təcrübəli siyasətçinin həyat məktəbini keçmişdir”.
Gürcüstan Prezidenti İcra Aparatının ərazi idarəetmə və regional siyasət məsələləri üzrə şöbəsi müdirinin müavini, Gürcüstanın Dövlət mükafatı laureatı İmir Məmmədli “O, böyük siyasətə hazırdır” kitabını gürcü dilinə həvəslə tərcümə etdiyini xatırlayaraq dedi ki, İlham Əliyevin tezliklə belə bir uğur qazanacağına əmin idi. Bu inamı onda İlham Əliyevin həmin kitabda təsvir olunmuş və beynəlxalq təşkilatlarda nümayiş etdirdiyi heyrətamiz keyfiyyətləri yaratmışdı. “Gözümüz aydın olsun, İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının sədr müavini və Büro üzvü seçilməsi sübut etdi ki, Azərbaycan Avropa Şurasına üzv olduğu bu iki ildə onun bütün sınaqlarından şərəflə çıxmışdır. Biz ona yeni-yeni uğurlar arzulayırıq”.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi-Rustavi-Marneuli