İLİN BİRİNCİ YARISINDA DÖVLƏT NEFT FONDUNUN GƏLİRLƏRİ TƏQRİBƏN 5 MİLYARD MANAT OLMUŞDUR
Dövlət Neft Fondundan AZƏRTAC-a bildirmişlər ki, 2008-ci ilin yanvar-iyun aylarında Fondun büdcə gəlirləri 4 milyard 893,9 milyon manat, büdcə xərcləri isə 1 milyard 404,4 milyon manat təşkil etmişdir.
Həmin müddətdə Dövlət Neft Fondunun neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 milyard 866,5 milyon manat, o cümlədən mənfəət neftinin satışından 4 milyard 804,6 milyon manat, akrhesabı ödənişlərdən 800 min manat, bonus ödənişlərindən 400 min manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 300 min manat, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsi üzrə dividendlər isə 60,4 milyon manat təşkil etmişdir.
Fondun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 27,4 milyon manata çatmışdır.
Hesabat dövrü ərzində Neft Fondunun 2008-ci il büdcəsinin icrası çərçivəsində qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 26,7 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədi ilə isə müvafiq olaraq 27,3 milyon manat və 75,6 milyon manat vəsait ayrılmışdır. Dövlət büdcəsinə 1 milyard 270 milyon manat vəsait transfer edilmiş, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 2,5 milyon manat yönəldilmişdir.
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə Neft Fondundan 200 min manat vəsait ayrılmışdır.
İlin birinci yarısında Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 2,1 milyon manat olmuşdur.
Fond 19,2 milyon manat məbləğində mənfəət vergisi ödəmişdir. Valyuta aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı fondun büdcədənkənar xərcləri 74,7 milyon manat təşkil etmişdir.
İlin əvvəlinə nisbətən, iyulun 1-ə Fondun aktivləri 162,3 faiz artaraq, 5 milyard 488 milyon manat (6 milyard 762,1 milyon ABŞ dolları) bərabər olmuşdur.