İDMAN
İmaş Qulizadə: Əsas hədəfim Avropa çempionu adını qazanmaqdır
![](/files/galleryphoto/2020/1/1200x630/1584605453734148014_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/158460545343119_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/15846054536297963447_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/1584605453629925136_1200x630.jpg)
Bakı, 19 mart, AZƏRTAC
Bodibildinq üzrə Avropa çempionatı hər il olduğu kimi, bu il də İspaniyanın Santa-Suzanna şəhərində keçiriləcək. Beynəlxalq Bodibildinq və Fitnes Federasiyasının mənzil qərargahının yerləşdiyi Santa-Suzanna şəhəri adətən Avropa üzrə yarışlara ev sahibliyi edir. Mayın 6-da keçirilməsi nəzərdə tutulan çempionatda qitədən 2-3 minə yaxın idmançının iştirakı gözlənilir. Azərbaycanı isə yarışda 15 atlet təmsil edəcək.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində mens fizik üzrə Azərbaycan çempionu, ölkə kubokunun gümüş medalçısı İmaş Qulizadə deyib.
İdmanın bu növünün Avropada daha çox inkişaf etdiyini deyən İ.Qulizadə çempionatda gərgin rəqabətin olacağını deyib: “Qitə birinciliyi müxtəlif kateqoriyalar üzrə təşkil olunacaq. Yarışa Avropanın ən güclü idmançıları qatılacaqlar. Yarışda, həmçinin xeyli sayda qadın idmançının iştirak edəcəyi gözlənilir. Azərbaycan klassik bodibildinq və mens fizik yarışlarında təmsil olunacaq”.
Beynəlxalq federasiyanın koronavirus səbəbindən bütün yarışları təxirə saldığını bildirən İ.Qulizadə vurğulayıb ki, yaxın vaxtlarda çempionatın vaxtı barədə məlumat veriləcək. Buna baxmayaraq çempionata hazırlığım yüksək səviyyədə gedir.
“Ötən ilin sonunda İtaliyanın paytaxtı Romada təşkil olunan “Diamond Cup” turnirində uğurlu çıxışımdan sonra bədənimə istirahət verdim. Əzələlərim çox yükləndiyi üçün bu istirahət mütləq idi və ölkə xaricinə getdim. Bir müddət əvvəl Azərbaycan Bodibildinq və Fitnes Federasiyasının prezidenti Rauf Bünyatəliyev idmançılarla görüşündə Avropa çempionatında iştirak edəcəyimizi bildirdi. Etiraf etməliyəm ki, əsas hədəfim Avropa çempionu adını qazanmaqdır. Romada təşkil olunan yarışdan sonra özümə inamım daha da artdı. “Diamond Cup”da gümüş medal qazanmağım məhz hakimlərin rəyi nəticəsində oldu. Çünki qalib idmançı ilə xallarımız eyni idi. Ancaq yarışdan sonra mütəxəssislər mənim çıxışımı daha yüksək qiymətləndirdi”, - deyə İ.Qulizadə əlavə edib.
Azərbaycan çempionu bildirib ki, məşqlərim proqrama uyğun olaraq gedir. Yarışa iki aydan az vaxt qalıb. İki ay ərzində quruma dövrünə girmişəm. Hələ ki, hazırlıq yüngül gedir. Bir müddətdən sonra hazırlığın çətin mərhələlərinə keçəcəyəm. “Diamond Cup” turniri mənim üçün böyük təcrübə oldu. Orada əldə etdiyim təcrübəni hazırda tətbiq edirəm. Həmin yarışa hazırlığın ilk hissəsini Bakıda, növbəti mərhələsini isə Kiyevdə keçirdim. Kiyevdə məni yarışa şəxsi məşqçim, dördqat dünya çempionu Dmitri Horobets hazırlamışdı. Avropa çempionatına hazırlıq prosesində də onun məsləhətlərini alıram. Ancaq bu yarışa özüm, Bakıda hazırlaşmaq istəyirəm. 2019-cu ildə ölkə çempionu olanda da özüm hazırlaşmışdım.
“Avropa çempionatında hər kateqoriya üzrə yarışda azı 30 idmançı iştirak edir. Qitə birinciliyinin mükafatçısı olmaq belə qələbə kimi dəyərləndirilir. Yarışda “top-6”ya düşmək çox çətindir. Ancaq mən fikrimi Avropa çempionluğuna yönəltmişəm. Məşq və hazırlıq bir kənara, öz bədən formama da güvənirəm.
İ.Qulizadə vurğulayıb ki, cari ildə məni ciddi sınaqlar gözləyir. Belə ki, Avropa çempionatından sonra mayın 31-də Bakıda beynəlxalq Qran-Pri turnirində iştirak edəcəyəm. İyulda Mayami Qran-Prisində iştirak etmək istəyirəm. Arnold Klassik yarışlarında da gücümü sınayacağam. İlin sonunda isə idmançı karyeramı bitirməyi düşünürəm.