İmişlidə istifadəyə verilən mobil su nasos stansiyasından 1800 nəfər faydalanacaq
İmişli, 19 avqust, Aydın Yavərzadə, AZƏRTAC
İmişlidə yeni mobil su nasos stansiyası işə salınıb. Stansiyanın fəaliyyəti Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə vəsaiti və Azərbaycan Hökumətinin dəstəyi ilə Sosial-İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) proqramı çərçivəsində reallaşıb.
Bu münasibətlə keçirilən tədbirdə USAID-in, SEDA proqramının, İmişli Rayon İcra Hakimiyyətinin nümayəndələri, Otuziki kəndinin sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, SEDA proqramının regional direktoru Əhməd Məmmədzadə “Suvarma suyu təminatının yaxşılaşdırılması” layihəsindən Otuziki icmasında 360 ailə olmaqla, 1800 nəfərin faydalanacağını bildirib.
Digər çıxış diqqətə çatdırıblar ki, kəndin əkinəyararlı torpaq sahələrində tərəvəz və dənli bitkilər becərilir. Həmin sahələrin su ilə təminatında yeni stansiya mühüm əhəmiyyət daşıyacaq. Stansiyanın fəaliyyəti İmişli rayonunun fermerlərinin, fərdi təsərrüfat rəhbərlərinin gəlirlərinin artmasına, təsərrüfatların daha da genişləndirilməsinə geniş imkanlar yaradacaq.
USAID-in nümayəndəsi xanım Dulse Canis Mak Qvayer ABŞ-Azərbaycan əlaqələrinin müxtəlif sahələrdə inkişaf etdiyini vurğulayıb. O, gələcəkdə birgə əməkdaşlıq çərçivəsində digər infrastruktur layihələrinin də həyata keçiriləcəyinə ümidvar olduğunu söyləyib. Bildirib ki, USAID Azərbaycanda SEDA proqramı vasitəsi ilə yerli iqtisadiyyata dəstək olaraq, kənd yollarının, su və suvarma sistemlərinin, yerli məktəb və tibb müəssisələrinin təmirini həyata keçirir. İndiyədək 150 icmada 368 min insanı əhatə edən 187 layihə reallaşıb.
Kənd sakinləri layihənin həyata keçirilməsində əməyi olan şəxslərə minnətdarlıqlarını bildiriblər. Qeyd edilib ki, icma üzvləri əkin sahələrini suvarmaq üçün uzun müddət su problemi ilə üzləşmişdilər. Əkin sahələrinin kənarından keçən suvarma kanalının səviyyəsi aşağı olduğu üçün təsərrüfatların suvarılmasında kanal suyundan istifadə etmək mümkün deyildi. İcma sakinləri problemi aradan qaldırmaq məqsədilə dizel yanacağı ilə işləyən səyyar su nasosundan istifadəni təklif ediblər. Otuziki icmasında qəbul edilmiş “Suvarma suyu təminatının yaxşılaşdırılması” layihəsi icmanın prioritet ehtiyacı kimi müəyyən olunaraq Layihə Qiymətləndirmə Komitəsinin iclasına çıxarılıb və həyata keçirilib.