REGİONLAR
İmişlidə quduz itlər xırdabuynuzlu heyvanları tələf edib
İmişli, 10 may, Aydın Yavərzadə, AZƏRTAC
İmişli rayonunda bir neçə quduz it xırdabuynuzlu heyvanları tələf edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Yalavac kəndində yaşayan Elgün Əliyevə məxsus təsərrüfatda səhər çağında, dan yeri sökülmədən qeydə alınıb. Kənd sakini deyir ki, belə hallar əvvəllər də baş verib, amma həmin zaman heyvan tələfatı az olub. Lakin bu dəfə 11 baş xırdabuynuzlu heyvan tələf olub, 15 baş heyvan yaralanıb.
Təsərrüfat sahibi bildirir ki, heyvanları örüşə aparanda da itlərin hücumu ilə rastlaşırlar. Səbəb isə sahibsiz itlərin son zamanlar çoxalmasıdır. “Dəfələrlə belə hallarla rastlaşmışıq, 30-dan çox it sürüsü ilə üz-üzə gəlirik. Yaxşı olar ki, sahibsiz itlərin nəzarətə götürülməsi istiqamətində tədbirlər görülsün. Çünki sahibsiz və nəzarətsiz qaldığı üçün itlərdə quduzlaşma gedir. Təkcə bizim kənddə deyil, ətraf kəndlərdə də quduz itlərlə, canavarların birlikdə hücumuna rast gəlinib”, - deyə Elgün Əliyev qeyd edib.