“İmkanlar hər kəs üçün” layihəsinin iştirakçılarına növbəti sertifikatlar təqdim edilib
Bakı, 13 may, AZƏRTAC
Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi tərəfindən təşkil olunan “İmkanlar hər kəs üçün” sosial layihəsində əlilliyi olan gənclər üçün müxtəlif istiqamətlərdə təcrübə proqramları təşkil olunur.
Bu barədə AZƏRTAC-a ƏƏSMN-in İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, layihə çərçivəsində 18-35 yaşlarında 25 gənc üçün bu dəfə ekoloji monitorinq, hidrometeoroloji xidmətlər, memarlıq, dizayn, şəhərsalma, beynəlxalq tədbirlərin təşkili, kommunikasiya, müasir telekommunikasiya istiqamətləri üzrə praktiki təcrübə imkanları yaradılıb.
İştirakçılar müxtəlif dövlət və özəl qurumlarda real iş mühitində çalışaraq qeyd olunan sahələr üzrə peşəkar bilik və bacarıqlarını inkişaf etdirmək imkanı əldə ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, WUF13 Azərbaycan Əməliyyat Şirkəti, “Nar”, “Design Bureau” MMC-də təcrübə proqramlarını başa vuran layihə iştirakçılarına sertifikatlar təqdim edilib.
Proqramın əhəmiyyətli tərkib hissəsi kimi gənclər BMT-nin Azərbaycandakı Baş Ofisində də görüş keçiriblər. Görüş zamanı iştirakçılara BMT agentliklərinin fəaliyyəti barədə məlumat verilib, inklüzivlik, əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyası və gənclərin peşəkar inkişaf perspektivləri ətrafında maarifləndirici sessiya təşkil olunub.
Tədbirlərdə ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru Elnarə Ənsari, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktorunun müavini Vüsal Kərimli, “Nar”ın baş icraçı direktoru Özgür Genc, BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç, BMT-nin Məskunlaşma Proqramının ölkə üzrə rəhbəri Anna Soave, BMT-nin Məskunlaşma Proqramının baş məsləhətçisi Məleykə Tağızadə və “Design Bureau” MMC-nin direktoru Füzuli Əliyev iştirak ediblər.
Çıxışlar zamanı bildirilib ki, inklüziv cəmiyyətin formalaşdırılması yalnız sosial dəstək mexanizmləri ilə deyil, eyni zamanda, əlilliyi olan şəxslər üçün real inkişaf imkanlarının yaradılması, onların peşəkar mühitlərdə iştirakının təşviqi ilə mümkündür. Qeyd olunub ki, layihə çərçivəsində yaradılan təcrübə imkanları əlilliyi olan gənclərin potensialını ortaya çıxarmaqla yanaşı, onların əmək bazarına inteqrasiyasına da töhfə verir.
Tədbirlərin sonunda müxtəlif fəaliyyət sahələri üzrə təcrübə proqramını başa vuran gənclərə aidiyyəti qurumlar tərəfindən sertifikatlar təqdim olunub.