REGİONLAR
İnam Kərimov: Qarabağ atları Cıdır düzündə yenə də çapacaq
Bakı, 8 may, AZƏRTAC
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bayrağı tezliklə Şuşada dalğalanacaq və Qarabağ atları Cıdır düzündə yenə də çapacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri İnam Kərimov regionlara səfəri çərçivəsində Ağcabədi rayonunun Xamtorpaq ərazisində yerləşən Ağdam atçılıq təsərrüfatında inşa edilən müasir atçılıq kompleksi ilə tanışlıq zamanı deyib.
İnam Kərimov atçılıq təsərrüfatında görülən işlərlə maraqlanıb, burada bəslənilən atların saxlanma şəraiti ilə maraqlanıb.
Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə inşa edilən kompleks 34 hektar ərazini əhatə edir. Layihəyə əsasən kompleksdə nəzarət buraxılış binası, inzibati bina, konfrans salonu, tövlələr, atların gəzinti meydançası, açıq və qapalı manejlər, qaçış zolaqları, məşq qurğusu, klinika, süni mayalama laboratoriyası, nalbənd və sərrac emalatxanası, su, yem, təsərrüfat və gübrə anbarları, avtopark, işçilərin yaşayış yeri və sair tikilir.