İncəsənət Məktəbinin yaranmasının 80 illiyinə həsr olunmuş beynəlxalq müsabiqə - "World Harmony"
Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 16-da Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin yaranmasının 80 illiyinə həsr olunmuş Klassik və Folklorun Gənc İfaçılarının “World Harmony” adlı I Beynəlxalq Müsabiqəsinin açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Mədəniyyət və Turizm Nazirliyi və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin dəstəyi ilə “Harmoniya” Gürcüstan Folklor və Klassik Musiqisi İnkişafı Birliyinin əməkdaşlığı ilə reallaşıb.
Tədbirdə incəsənət məktəbinin direktoru, Əməkdar Artist Əziz Qarayusifli çıxış edərək müsabiqə barədə məlumat verib. Bildirilib ki, müsabiqənin münsiflər heyətinə Xalq Artisti Fidan Hacıyeva, Əməkdar artistlər Əziz Qarayusifli, Elşən Mansurov, professorlar Nəzakət Rimazi, Hökümə Əliyeva, Tsino Bicikaşvili, Tamar Sarvazaşvili və Əməkdar Müəllim Ümid İbrahimov daxildir. Müsabiqəyə ümumilikdə 275 ifaçı qatılıb. Fortepiano ixtisası üzrə 32, vokal şöbəsi üzrə 28, orkestr alətləri şöbəsi üzrə 30, xalq çalğı alətləri şöbəsi üzrə 29 ifaçı çıxış edəcək. Digər ifaçılar fortepiano ansamblı, xalq çalğı alətləri ansamblı, skripka ansamblı, rəqs və xor kollektivinə daxildir.
Mədəniyyət və Turizm Nazirliyinin elm, təhsil və yaradıcı gənclərlə iş şöbəsinin baş məsləhətçisi Vüqar Baxışov çıxışında incəsənət məktəbinin adını daşıdığı və gələn il 100 illiyi qeyd olunacaq dahi bəstəkar Qara Qarayevin yubileyi ərəfəsində keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirib və müsabiqə iştirakçılarına uğurlar arzulayıb.
Qeyd edilib ki, müsabiqə iştirakçılarının mükafatlandırılması və qala-konsert dekabrın 19-da Rəşid Behbudov adına Mahnı Teatrında olacaq. Həmçinin müsabiqə çərçivəsində dekabrın 18-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Gürcüstandan dəvət olunmuş Tbilisi Dövlət Konservatoriyasının vokal müəllimi, professor Tamar Sarvazaşvilinin ustad dərsləri keçiriləcək.
Sonra müsabiqədə iştirak edən paytaxtın musiqi məktəblərinin şagirdlərinin ifasında musiqi nömrələri səsləndirilib.