İQTİSADİYYAT
İndiyədək ölkə ərazisində 43 minədək yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb
Bakı, 20 avqust, AZƏRTAC
Dövlət Vergi Xidməti tərəfindən Azərbaycan Respublikasında yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. İndiyədək ölkə ərazisində 42 min 964 ədəd yeni nəsil NKA quraşdırılıb.
Bu barədə AZƏRTAC-a Xidmətin Media və Kommunikasiya İdarəsindən açıqlama verilib.
Məlumata əsasən, yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
2021-ci ilin yanvar-iyul aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 8,26 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.