İndoneziyada leysan yağışlarının əmələ gətirdiyi daşqınlar nəticəsində həlak olanlar var
Tokio,16 iyul, AZƏRTAC
İndoneziyanın Cənub Sulavesi əyalətində leysan yağışlarının əmələ gətirdiyi daşqınlar nəticəsində 24 nəfər həlak olub, daha 69 nəfər itkin düşüb.
AZƏRTAC yerli kütləvi informasiya vasitələrinə istinadla xəbər verir ki, hazırda itkin düşənlərin axtarışı davam etdirilir.
İndoneziyada son günlər davam edən leysan yağışları nəticəsində yüzlərlə ev su və palçıq altında qalıb. Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, təqribən iki mindən çox yerli sakin müvəqqəti təxliyə mərkəzlərinə yerləşdirilib.
İndoneziyanın İnda dairəsinin rəhbəri Putri İndiriani bildirib ki, xüsusən dağlıq ərazilərdə daşqınlar körpüləri yuyub apardığına görə vəziyyət çox gərgindir. Burada yalnız ikitəkərli nəqliyyat vasitələrindən istifadə etmək mümkündür. Xilasedicilər zərərçəkmiş ərazilərə getmək üçün alternativ yollar axtarmaq məcburiyyətində qalıblar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio