İndoneziyalı jurnalistlər Azərbaycan Dillər Universitetində
Bakı, 31 may, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının dəvəti ilə ölkəmizə gələn indoneziyalı jurnalistlər mayın 31-də Azərbaycan Dillər Universitetinin (ADU) tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayevlə görüşüblər.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, Ə.Abdullayev universitetdə tədris olunan dillər, ali məktəbdə fəaliyyət göstərən mərkəzlər haqqında qonaqlara məlumat verib. Qeyd edib ki, universitetin beynəlxalq münasibətlər və idarəetmə fakültəsində indoneziyaşünaslıq ixtisası tədris olunur. Burada tələbələrə İndoneziya dili, tarixi, ədəbiyyatı, coğrafiyası, siyasəti, adət-ənənələri, mədəniyyəti öyrədilir. Həmçinin ADU İndoneziyanın bir çox universitetləri ilə əməkdaşlıq edir.
Bu ölkənin dövlət qurumlarının nümayəndələrin tez-tez universitetdə qonaq olduqlarını deyən Ə.Abdullayev İndoneziyanın Azərbaycandakı səfirliyi ilə sıx münasibətlərin qurulduğunu bildirib.
Sonra prorektor Ə.Abdullayev indoneziyalı jurnalistlərin suallarını cavablandırıb.