“İnkulturasiya və akkulturasiya” beynəlxalq proqramları üzrə seminar öz işinə başlamışdır
Bakı, 9 noyabr (AZƏRTAC). Noyabrın 9-da Bakıda gənclər üçün “İnkulturasiya və akkulturasiya” beynəlxalq proqramları üzrə seminar öz işinə başlamışdır.
AZƏRTAC xəbər verir ki, üç gün davam edəcək seminar Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası və Kulturologiya Mərkəzinin təşkilatçılığı ilə reallaşdırılmışdır.
Seminarda gənclərə intellektual mədəniyyət, bilik menecmenti, idarəetmə mədəniyyəti, intellektual kapital, sosial-mədəni inkişaf siyasəti, biliklərə əsaslanan iqtisadiyyat, intellektual inkişaf məsələləri üzrə beynəlxalq təcrübə problemləri üzrə peşəkar biliklər veriləcək, gələcəyin inkişaf ssenarilərinin yaradılması üçün videotəqdimatlar, simulyasiya oyunları, master-klasslar və işgüzar oyunlar keçiriləcəkdir.
Qeyd olunmuşdur ki, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə oktyabr ayında start verilən “inkulturasiya” və “akkulturasiya” beynəlxalq proqramları üzrə seminar layihəsi çərçivəsində artıq “Kulturoloji layihələrin idarə olunması”, “Kulturologiya və milli inkişaf” mövzularında seminar-treninqlər keçirilmişdir.
Layihə dekabr ayında başa çatacaqdır.
Yekun hesabat-konfransında “Akkulturasiya” kitabının təqdimatı keçiriləcəkdir.