İQTİSADİYYAT
İnnovasiyalar Agentliyi ilə “Mars Academy” valideyn və uşaqlar üçün “Açıq qapı” günü keçirib
Bakı, 7 sentyabr, AZƏRTAC
Sentyabrın 7-də İnnovasiyalar Agentliyi ilə “Mars Academy” valideyn və uşaqlar üçün “Açıq qapı” günü təşkil edib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, uşaqlar “Mars Akademy”nin kursları, məzmunu, avadanlıqlar, həmyaşıdlarının hazırladığı layihələrlə tanış olub, böyük həvəslə “workshop”da iştirak ediblər.
“Mars Academy” keyfiyyətli STEAM (elm, texnologiya, mühəndislik, incəsənət, riyaziyyat) təhsil proqramları təklif etməklə gələcəyin yenilikçi texnologiya mühəndislərinin yetişməsinə töhfə verir. Kursun əsas hədəfi uşaqlarda XXI əsrin ən vacib bilik və bacarıqları sayılan innovativ, yaradıcı düşünmə, məntiqi təfəkkür, hesablama düşüncəsi, motorika bacarıqları, layihə üzərində komanda şəkilində işləmə, təqdimat bacarıqlarını inkişaf etdirməkdir. Kurs 4 istiqamət üzrə 5-15 yaşarası uşaqları bir araya gətirir. Robotiks-robot qurmaq və proqramlaşdırmaq; mühəndislik-elm, texnologiya, mühəndislik, fizika, kimya, incəsənət və riyaziyyata inteqrasiya edən STEAM proqramlarını; proqramlaşdırma - proqramlaşdırma anlayışı, animasiya və sadə oyunlar; rəqəmsal incəsənət-memarlıq abidələri və təxəyyülə uyğun 3D fiqurlar yaratmaq və animasiyaya çevirmək bacarıqlarını öyrədir.
“Açıq qapı” gününə 100-dən çox uşaq və valideyn qatılıb.