İnquşetiyada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev adına xiyabanın açılışı olmuşdur
Moskva, 7 noyabr (AZƏRTAC). İnquşetiyada Malqobek şəhərinin 80 illiyinin qeyd edilməsi çərçivəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev adına xiyabanın açılışı olmuşdur.
Açılış mərasimində müxtəlif diasporların nümayəndələri iştirak etmişlər.
Tədbirdə İnquşetiya Prezidenti Yunus bəy Yevkurov görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin Azərbaycanın inkişafına böyük töhfələrini qeyd etmişdir. İnquşetiyanın dövlət başçısı demişdir: “Bu xiyaban Rusiya və Azərbaycan xalqlarının sarsılmaz dostluğunun və birliyinin rəmzidir. Bir çox insanların əməlləri yaddaşlardan silinir, lakin Heydər Əliyev kimi şəxsiyyətlərin şərəfli xidmətləri unudulmur.
Prezident Yunus bəy Yevkurovun sözlərinə görə, Azərbaycan diasporu ictimai həyatda və regionda baş verən siyasi proseslərdə fəal iştirak edir.
Azərbaycan milli-mədəniyyət diasporunun üzvləri İnquşetiya Respublikasının rəhbərinə səmimi minnətdarlıqlarını bildirmişlər. İnquşetiya rəhbərliyinin iki xalq arasında dostluq, mehriban qonşuluq münasibətlərinin qurulmasında göstərdiyi səylər qeyd olunmuşdur.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva