İNTERNAT MƏKTƏBİNDƏ TƏLİM-TƏRBİYƏ ALAN UŞAQLARIN ƏL İŞLƏRİNDƏN İBARƏT RƏSM SƏRGİSİ AÇILMIŞDIR
AZƏRTAC xəbər verir ki, iyunun 11-də Norveç Humanitar Müəssisəsinin (NHM) təşəbbüsü ilə Mərdəkan 3 nömrəli internat məktəbində rəsm sərgisi açılmışdır.
Yerli və beynəlxalq təşkilatların nümayəndələrinin, eləcə də norveçli qonaqların iştirak etdikləri sərgidə təhsil müəssisəsində təlim-tərbiyə alan uşaqların 30-dək əl işi nümayiş etdirilmişdir.
Bu münasibətlə təşkil olunmuş mərasimdə Norveçin Azərbaycandakı səfiri Yon Ramberq çıxış edərək, belə sərgilərin əhəmiyyətini vurğulamış, uşaqlara yeni yardıcılıq nailiyyətləri arzulamışdır.
NHM-nin nümayəndəsi Annelis Holmedahl bildirmişdir ki, sərginin məqsədi cəmiyyətin əlil insanlara münasibətinin müsbət istiqamətdə dəyişilməsinə nail olmaqdır. Eyni zamanda, xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiya prosesində iştirakı məsələsinə diqqəti cəlb etməkdir. O, gələcəkdə də bu cür layihələrin həyata keçiriləcəyini vurğulamışdır.
İnternat məktəbinin direktoru Qətibə Əsədova sərginin təşkilatçılarına təşəkkürünü bildirmiş, uşaqlara uğurlar arzulamışdır.
Sərgilənən əl işləri mövzu və ideya baxımından çox maraqlı təsir bağışladığı üçün bütün müəlliflər qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.