İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Bakı, 11 dekabr, AZƏRTAC
Dekabrın 14-də Bakı Fond Birjasında (BFB) “İpoteka və Kredit Zəmanəti Fondu” ASC-nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildirilib ki, emissiyanın həcmi 40 milyon manat, nominal dəyəri min manat, hərrac qiyməti min manat, tədavül müddəti 27 il, faiz dərəcəsi 3 faizdir. “İnvest-AZ İ.Ş” QSC anderrayter vəzifəsində çıxış edir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək. Fondun ipoteka istiqrazlarının emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib. BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.