İqlim dəyişmələrinə adaptasiya üzrə birinci beynəlxalq sammit keçirilir
Bakı, 26 yanvar, AZƏRTAC
İqlim dəyişmələrinə adaptasiya məsələlərinə həsr edilmiş birinci beynəlxalq sammit qarışıq formatda - həm onlayn, həm offlayn formatda keçir. Niderlandın Baş naziri vəzifəsini icra edən Mark Rütte öz ölkəsinin təşəbbüsü ilə baş tutmuş bu tədbirdə çıxış edərək ümidvar olduğunu bildirib ki, bu görüş iqlim dəyişmələrinə dayanıqlığın artırılması üzrə tədbirlərin görülməsinə şərait yaradacaq.
AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, ikigünlük forumun gedişində bir çox ölkə və beynəlxalq təşkilatların təmsilçiləri ekstremal hava şəraiti və təbii fəlakətlərə qarşı mübarizədə əldə olunan irəliləyişi müzakirə edir, belə hallarla mübarizənin təkmilləşdirilməsi yollarını öyrənir və BMT-nin iqlim dəyişmələri barədə Çərçivə Konvensiyasına qoşulmuş tərəflərin bu il noyabr ayına nəzərdə tutulan 26-cı konfransı üçün “yol xəritəsi” tərtib edirlər.
Sammitin açılış mərasimində M.Rütte qeyd edib ki, əgər bəşəriyyət iqlim dəyişmələrini nəzarətə götürməzsə və onlara uyğunlaşmaq üçün tədbirlər görməzsə, o halda “nəticə faciəli olacaq”. O ümidvar olduğunu bildirib ki, sammit bəşəriyyəti iqlim dəyişmələrinə adaptasiya və ona dayanıqlılığın artırılması sahəsində tədbirlər görməyə sövq edəcək.
BMT-nin Baş katibi Antonio Quterreş bəyan edib ki, iqlim dəyişmələrinə adaptasiya üzrə fəaliyyəti dəstəkləmək mənəvi, maliyyə, iqtisadi və sosial baxımdan birinci dərəcəli əhəmiyyət kəsb edir. Baş katib təbii fəlakətlərə adaptasiya və dayanıqlılıq məsələlərinə dərhal diqqət ayırmağa, bu məsələləri COVID-19 pandemiyasından sonra bərpa planına daxil etməyə çağırıb. O deyib: “Bu, təkcə inkişaf etmiş ölkələrə aid deyil - aşağı və orta gəlirə malik ölkələrə öz iqtisadiyyatlarını “yenidən işə salmaqda” və dayanıqlı inkişaf yoluna çıxmaqda kömək etmək lazımdır.
Sammitdə Almaniya kansleri Angela Merkel, Böyük Britaniyanın Baş naziri Boris Conson və Fransa Prezidenti Emmanuel Makron da iştirak ediblər.
Sammit dünya ölkələrinin hökumətlərini iqlim dəyişmələrinə uyğunlaşdırılma, iqlim risklərinin azaldılması və iqlim dəyişmələrinə dayanıqlılığı artırmaq üzrə tədbirlərin aktivləşdirilməsinə çağırmaq məqsədi daşıyır.