“İqlim hərəkatı üzrə innovativ layihələrin tətbiqi” adlı tədbir keçirilib
Bakı, 10 avqust, Göyçək Mahmudlu, Elmir Səftərov, AZƏRTAC
Avqustun 10-da Zirə Mədəniyyət Mərkəzində BMT-nin İnkişaf Proqramı və Gənclər və İdman Nazirliyinin birgə həyata keçirdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakının dəstəklənməsi üçün yeni platformalar yaradılması” layihəsi çərçivəsində “İqlim hərəkatı üzrə innovativ layihələrin tətbiqi” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə DİM üzrə gənc səfirlər tərəfindən həyata keçirilən “Plastik adam” aksiyasına dair görüntülər nümayiş etdirilib.
Zirə Mədəniyyət Mərkəzinin icraçı direktoru Elnur Sadıqov çıxış edərək dünyada baş verən fəlakətlərin iqlim dəyişikliklərinin siqnalı olduğunu qeyd edib. O, gənclərin, gələcək nəsillərin təbiətin mühafizəsində aktiv iştirakını təmin etmək üçün maarifləndirici, o cümlədən təbliğat tədbirlərinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Mərkəzin direktoru ətraf mühitin sağlamlaşdırılması, məktəblilərdə ətraf mühitə sevgi aşılanması istiqamətində mərkəz tərəfindən həyata keçirilən tədbirlərdən bəhs edib. O, cari ildə mərkəz tərəfindən 140 mindən çox ağac əkildiyini də diqqətə çatdırıb.
Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə Gənc Səfirlər layihəsinin koordinatoru Zərifə Zülfüqarova “Plastikdən Azad İyul ayı” ərzində görülən işlər və həyata keçirilən tədbirlər haqqında qısa məlumat verib. 2040-cı ilə qədər dünyanın 1,5-2 dərəcə istilənəcəyi ehtimalını diqqətə çatdıran Z.Zülfüqarova iqlim problemlərinin həllində gənclərin rolunun xüsusi olduğunu vurğulayıb.
Sonra “Yer üstündə həyat” debat turnamentinin final nəticəsi elan olunub, finalçı və qalib komandalar mükafatlandırılıblar.
Tədbir iqlim dəyişikliyi ilə mübarizədə aktiv olan ekoicmaların iştirakı ilə təşkil olunan panel müzakirələrlə davam edib. “Ölkəmizdə iqlim dəyişikliyinə qarşı mübarizə metodları” panelində çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib: “Çox sevindirici haldır ki, gənclər qlobal məsələlərə laqeyd qalmır, həyəcan təbili çalırlar. Azərbaycan da dünyanın bir parçası olduğundan iqlim dəyişikliklərindən kənarda qala bilməz. Cari ilin 2 fevral tarixində Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiq edilib. Sənədə əsasən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritet reallaşdırılmalıdır. Bunlardan biri də Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi prioritetidir. Ümumiyyətlə, qlobal iqlim dəyişikliyi ilə mübarizədə ilkin addım ağacların əkilməsi və mühafizəsidir. Əfsuslar olsun ki, Azərbaycan azmeşəli ölkədir. Respublikamızın təxminən 12 faizə qədəri meşə ilə örtülü sahədir. Əsas məqsəd yaxın 10 ildə bu faizi artırmaqdır. Burada gənclərin rolu yaşıllaşdırma hərəkatında aktiv iştirakdır. Bu ilin əvvəllərində Ekologiya və Təbii Sərvətlər Nazirliyi IDEA İctimai Birliyi ilə birlikdə “Yaşıl Marafon” kampaniyasına start verdi. Ağacların müəyyən qədəri yaz ağacəkmə dövründə əkildi. Kampaniya payız mövsümündə də davam etdiriləcək. Ümumilikdə isə ilin sonunadək bir milyona yaxın ağacın əkilməsi nəzərdə tutulub. Sevindiricidir ki, ağacəkməni işğaldan azad olunmuş ərazilərdə də davam etdirəcəyik. Bütün gəncləri bu hərəkata qoşulmağa dəvət edirik”.
Gənclər və idman nazirinin müavini İntiqam Babayevin sözlərinə görə, ətraf mühitin mühafizəsi ixtisasından, cəmiyyətdə tutduğu mövqedən, statusdan asılı olmayaraq hər bir vətəndaşın üzərinə düşən bir məsuliyyət payıdır. Nazir müavini bildirib ki, ekologiyanın bu günü və sabahı ilə əlaqədar gənclərin üzərinə böyük vəzifə düşür: “Gənclər bu mövzuda nə qədər bilikli və fəal olsalar, ekoloji layihələrə qoşulsalar, öz həmyaşıdlarını məlumatlandırsalar, daha yaxşı nəticələr əldə etmək olar. Ölkəmizdə müxtəlif ekoloji aksiyalar keçirilir. Gənclərin həmin aksiyalarda həm könüllü, həm də ekofəallar olaraq iştirakı digər vətəndaşların diqqətini cəlb edə və onları düşünməyə vadar edə bilər.
Gənclər və İdman Nazirliyi olaraq gənclərin ekoloji maarifləndirilməsi, onların iştirakı ilə ətraf mühit mövzusunda maraqlı, innovativ layihələrin keçirilməsi kimi təşəbbüslərə dəstək verməyə hər zaman hazırıq”.
BMTİP-nin rezident nümayəndəsinin vəzifəsini icra edən Çaru Bist təmsil etdiyi qurumun iqlim dəyişiklikləri ilə bağlı bir çox layihə və proqramları həyata keçirdiyini və bu zaman Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman, İqtisadiyyat nazirlikləri kimi dövlət qurumları ilə əməkdaşlıq etdiklərini bildirib. O, həmçinin deyib: “İqlim dəyişikliyi ilə mübarizəni adi qaydalarla yox, innovativ həll variantlarının icra etməklə həyata keçirə bilərik. Bu baxımdan da müəyyən tərəfdaşlığın tərəfdarıyıq. Bunun üçün DİM mexanizmləri də mövcuddur, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, su resursları kimi sahələrlə çalışırıq. Bununla bağlı milli uyğunlaşdırma planları üzərində işləyirik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə milli səviyyədə müəyyən edilmiş töhfələr sənədinin hazırlanması üzərində iş gedir. İqlim dəyişikliyi ilə mübarizədə bir sıra məqsədlər müəyyən etmişik və onların icrası ilə bağlı müxtəlif hesabatlar hazırlanıb. Bu yaxınlarda BMT-nin yeni hesabatı təqdim olundu. Hesabatda müxtəlif aspektlər baxımından iqlim sahəsində aparılan tədbirlərlə bağlı ümumi təsvirlər verilib. Bizim gənclərə olan ismarıcımız ondan ibarətdir ki, onlar öz iştirakını davam etdirsin, dayanıqlı şəkildə fəal olsunlar. Onlar belə bir ruhda addımlar atarlarsa, nəticələrimiz təbii ki, yüksək olacaq. BMT olaraq bu səpkidə layihələr həyata keçirmişik və gəncləri də belə layihələrə qoşmuşuq. Gənclər daha sürətlə, ağıllı və texnoloji şəkildə həll variantlarını üzə çıxara bilirlər. Ona görə də onlara fəal olaraq qalmağı və onlara yaradılan imkanlardan istifadə etməyi tövsiyə edirik”.
Milli Məclisin deputatı Əliabbas Salahzadə çıxış edərək ölkə rəhbərliyi tərəfindən ətraf mühit məsələlərinə xüsusi diqqət göstərildiyini qeyd edib. O, Azərbaycan hökumətinin ekoloji problemlərin həll edilməsi üçün müxtəlif tədbirlər həyata keçirdiyini və aktual mövzulardan olan plastik və polietilen məhsullarla bağlı məsələnin Milli Məclis tərəfindən “Ətraf mühitin mühafizəsi haqqında” qanun layihəsinə edilən dəyişikliklərdə öz əksini tapdığını diqqətə çatdırıb.
Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib: “Dayanıqlı inkişaf məqsədlərinin fəlsəfəsində 3 əsas istiqamət yer alıb - iqtisadiyyat, ekologiya və sosial sahə. Hər üç sahədə daha təkmil innovativ yanaşmaların meydana gətirilməsi dünyamızın daha da yaxşılaşdırılması, hər kəsin yaradılmış imkanlara əlçatanlığının təmin edilməsi üçün böyük vasitədir. 2030 gündəliyində 17 müəyyən olunan məqsəd, sözün əsl mənasında, bütün dünya dövlətləri tərəfindən icra olunmaqdadır. Bu, BMT-nin yeganə universal sənədidir ki, bütün dünyanın sağlamlaşdırılmasında 17 məqsədi ortaya qoyub və onlara çatmaq üçün hər bir dövlətin milli potensialından istifadə etməklə bir çox tədbirlər həyata keçirməsini nəzərdə tutub. Hazırda dünyanı narahat edən ən böyük məsələlərdən biri qlobal istiləşmədir. Bundan əlavə, quraqlıq, suyun keyfiyyətinin yaxşılaşdırılması, bəzi dövlətlərdə suya olan ehtiyacın alternativ vasitələrlə təmin olunması, su resurslarının təmiz saxlanılması, təbiətdə mövcud olan su imkanlarının daha da sağlamlaşdırılması və əhaliyə çatdırılması da aktual məsələlərdir və burada insanların, xüsusilə gənclərin üzərinə böyük öhdəliklər düşür. Çalışmalıyıq ki, maarifləndirmə vasitəsilə ictimaiyyəti, gəncləri məhz həmin problemlərin həllinin öyrənilməsinə və onun tətbiqində yaxından iştirak etməyə sövq edək. Onu da qeyd edim ki, iqlim dəyişikliyi hər sahədə olduğu kimi, iqtisadiyyatın da davamlı inkişafına neqativ təsir göstərir”.
Sonra “DİM 13 üçün inklüziv həll yolları”, “İqlimin gələcəyi: Yaşıl bərpa üzrə tədqiqat”, “Ekodialoq: Ekoloji maarifləndirmədə gənclərin rolu” panel müzakirələri keçirilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.