İqor Yakovenko: Hazırda AI texnologiyalarından yararlanaraq müştərilərimizə daha faydalı xidmətlər təqdim edirik
Bakı, 1 iyun, AZƏRTAC
Bizim strateji planımız var və süni intellekt vasitəsilə hazırlanmış həllərimiz artıq bir sıra şirkətlər tərəfindən istifadə olunur.
AZƏRTAC xəbər verir ki, bu barədə "AZEL Systems"in baş direktoru İqor Yakovenko Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum” çərçivəsində təşkil olunan “Ağıllı istehsal: Süni intellekt, ağıllı qazma və təhlükəsiz məhsul sahələrinin istiqaməti” mövzusunda panel müzakirəsində bildirib.
O qeyd edib ki, hazırda AI texnologiyalarından yararlanaraq müştərilərə daha faydalı və innovativ xidmətlər təqdim edirlər: “Həmçinin müxtəlif obyekt və proseslərin rəqəmsal əkizlərini yaratmaq imkanına malikik”.
Baş direktorun sözlərinə görə, rəqəmsal əkiz texnologiyası müəssisələrə prosesləri virtual mühitdə izləməyə, riskləri əvvəlcədən müəyyən etməyə və əməliyyat səmərəliliyini artırmağa imkan verir: “Şirkət, həmçinin Azərbaycanda mütəmadi olaraq konfranslar və maarifləndirici tədbirlər təşkil edərək innovativ texnologiyaların tətbiqini təşviq edir”.
İ.Yakovenko qeyd edib ki, süni intellekt sahəsində əldə olunan nəticələr bir neçə il əvvəl mümkün görünməyən hədəflərin reallaşdırılmasına şərait yaradıb: “Bu texnologiyalar bizneslərin rəqəmsal transformasiyasını sürətləndirir və onların rəqabət qabiliyyətini artırır”.