İqtisadçı-ekspert: Azərbaycan-Özbəkistan əməkdaşlığı Türk dünyasının inkişafına mühüm töhfə verəcək
Bakı, 23 avqust, AZƏRTAC
Özbəkistan Azərbaycan üçün vacib və qardaş ölkədir. Dünyada etnik, mədəni və dil baxımından bir-birinə yaxın olan çoxsaylı ölkələr var. Lakin bu qədər isti və səmimi münasibətlərə malik ölkələrin sayı çox azdır. Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəyə çatmasında dövlət başçılarının xüsusi rolu var. Azərbaycan və Özbəkistan liderləri arasında mütəmadi görüşlər keçirilir, çox mühüm sazişlər imzalanır.
Bunu AZƏRTAC-a açıqlamasında iqtisadçı-ekspert Emin Qəribli bildirib.
O qeyd edib ki, Azərbaycan–Özbəkistan münasibətləri dünya miqyasında nümunə kimi göstərilə bilər. Bu da təbii olaraq ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verir. Ötən il bu isti münasibətlərin nəticəsi olaraq iki ölkə arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb. Tranzit daşımalarının həcmində də davamlı artım müşahidə olunur və müsbət dinamika var.
Emin Qəribli bildirib ki, investisiya sahəsində də əlaqələr genişlənir: “Azərbaycanda Özbəkistan investisiyalı 130-dan çox kommersiya təşkilatı müxtəlif sektorlarda fəaliyyət göstərir. Lakin bununla kifayətlənməməliyik. Ərazimizdən Orta Dəhliz keçir, bu marşrutun inkişafı üçün institusional strukturların yaradılması vacibdir və artıq bu istiqamətdə müəyyən addımlar atılır, müvafiq sərəncamlar imzalanır”.
Ekspertin sözlərinə görə, qarşıdakı dövrdə yaşıl enerji və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsinə ehtiyac var. Artıq Azərbaycan–Özbəkistan əlaqələri yeni mərhələyə qədəm qoyub: “İmzalanan sənədlər təkcə iqtisadi deyil, bütün sahələr üzrə münasibətlərin inkişafına təkan verəcək. Artıq yeni mərhələyə keçirik. Yaşıl enerji, rəqəmsal texnologiyalar, trikotaj və digər sahələrdə əməkdaşlıq genişlənir. Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan Xankəndi tikiş fabrikinin yaradılması da bunun göstəricisidir. Artıq birgə məhsullarla dünya bazarlarına çıxmaq imkanımız yaranır”.
O əlavə edib ki, ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün çox əlverişli şərait yaradılıb. Bu əməkdaşlıq yalnız Azərbaycan və Özbəkistan arasında iqtisadi münasibətlərin inkişafına deyil, bütövlükdə region ölkələrinə, xüsusilə Türk dünyasına mühüm töhfə verəcək.