İQTİSADİ ƏMƏKDAŞLIQ MƏSƏLƏLƏRİ ÜZRƏ AZƏRBAYCAN-UKRAYNA HÖKUMƏTLƏRARASI KOMİSSİYASININ İCLASI
Avqustun 29-da “Gülüstan” sarayında iqtisadi əməkdaşlıq məsələləri üzrə Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının beşinci iclası keçirilmişdir.
Tədbiri giriş sözü ilə komissiyanın beşinci iclasının sədri, Azərbaycan baş nazirinin birinci müavini Abbas Abbasov açdı. O, Ukrayna nümayəndə heyətini ölkəmizin rəhbərliyi adından salamlayaraq vurğuladı ki, Azərbaycan Prezidenti Heydər Əliyevin və Ukrayna Prezidenti Leonid Kuçmanın səyləri sayəsində dövlətlərimiz arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə qalxmışdır. 2002-ci ilin birinci yarısında Ukrayna ilə Azərbaycan arasında xarici ticarət dövriyyəsinin həcmi 50,1 milyon dollar olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəkinə nisbətən 1,7 dəfə çoxdur. Cari ilin 6 ayında Azərbaycandan Ukraynaya ixracın strukturunda yanacaq-energetika kompleksinin, kimya sənayesinin məhsulları, müxtəlif ehtiyat hissələri və armaturlar, mahlıc, fındıq və pomidor üstünlük təşkil etmişdir. Ukraynadan Azərbaycana ixracın strukturunda isə, əsasən, maşınqayırma, qara metallurgiya, elektrotexnika sahəsinin məhsulları və ərzaq malları geniş yer tutmuşdur.
Abbas Abbasov dedi ki, Azərbaycan və Ukrayna humanitar sahədə geniş əlaqələrə malikdirlər, bu da qarşılıqlı anlaşmanın, etimadın və millətlərarası münasibətləri möhkəmlətməyin mühüm amilidir. Elm, təhsil, səhiyyə, mədəniyyət sahəsində və digər humanitar sahələrdə də ikitərəfli əməkdaşlığın inkişafı üçün lazımi baza yaradılmışdır. Azərbaycan Prezidentinin Fərmanı ilə yaradılmış Bakı Slavyan Universitetində dördüncü ildir ki, ukraynaşünas kadrlar hazırlanır. O, cari ilin mayında Azərbaycanda Ukrayna mədəniyyəti günlərinin keçirildiyini də məmnunluqla qeyd etdi.
Bütün bu tədbirlər lazımi müqavilə-hüquq bazasının yaradılmasını tələb edir. Dövlətlərimizin başçılarının 2000-ci il martın 16-da Bakıda imzaladıqları dostluq və əməkdaşlıq haqqında müqavilə və 2000-2009-cu illər üçün iqtisadi əməkdaşlıq haqqında müqavilə qarşılıqlı münasibətlərin dərinləşdirilməsinə xidmət edir. Avqustun 29-da Bakıda imzalanan dövlətlərarası, hökumətlərarası və idarələrarası sazişlər nəzərə alınmaqla, sayı təxminən 70 sənəd imzalanmışdır. Bundan əlavə, 10-dan artıq layihə üzərində iş gedir.
Azərbaycan-Ukrayna hökumətlərarası komissiyasının həmsədri Oleq Dubina bildirdi ki, Ukrayna hökuməti Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verir. Ölkələrimiz arasında əmtəə dövriyyəsinin bu il xeyli artması iqtisadi əməkdaşlığın uğurla inkişafına sübutdur. Azərbaycan və Ukrayna beynəlxalq layihələrin həyata keçirilməsində fəal iştirak edir, iqtisadi və ticarət əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı perspektivlərə malikdirlər.
Sonra iclas iştirakçıları gündəliyə daxil edilmiş məsələlərin müzakirəsinə başladılar. Hökumətlərarası komissiyanın 2002-ci li 4 fevral tarixli dördüncü iclasının protokolunun yerinə yetirilməsi, iqtisadi əməkdaşlığın perspektiv istiqamətləri, ölkələrimiz arasında uzunmüddətli iqtisadi əməkdaşlıq proqramının həyata keçirilməsinin gedişi, qarşılıqlı borcların ödənilməsi, müqavilə-hüquq bazasının vəziyyəti ilə bağlı məsələlər müzakirə edildi, komissiyanın Ukrayna paytaxtında keçiriləcək altıncı iclasının vaxtı müəyyənləşdirildi.
İclasın sonunda komissiyanın beşinci iclasının sənədlərinin imzalanma mərasimi oldu. Ukraynanın antiinhisar komitəsinin sədri Aleksey Kostusev və Azərbaycanın iqtisadi inkişaf naziri Fərhad Əliyev Azərbaycan və Ukrayna hökumətləri arasında rəqabət siyasəti sahəsində əməkdaşlıq haqqında saziş imzaladılar. Sonra Azərbaycan İqtisadi İnkişaf Nazirliyi ilə Ukraynanın Təmzləmə Siyasəti və Sahibkarlıq Məsələləri üzrə Dövlət Komitəsi arasında əməkdaşlıq haqqında memorandum imzalandı. Sənədi iqtisadi inkişaf naziri Fərhad Əliyev və Dövlət Komitəsinin sədri Vasili Zaqorodnı imzaladılar. Azərbaycanın iqtisadi inkişaf naziri Fərhad Əliyev və Ukraynanın fövqəladə hallar və əhalinin Çernobıl qəzasının nəticələrindən qorunması işləri naziri Vladimir Durdinets fövqəladə hallar və onların nəticələrinin aradan qaldırılması barədə xəbərdarlıq sahəsində əməkdaşlıq haqqında saziş imzaladılar. Bundan sonra Ukrayna baş nazirinin birinci müavini Oleq Dubina və Azərbaycan baş nazirinin birinci müavini Abbas Abbasov hökumətlər arasında əməkdaşlıq haqqında sazişə bir nömrəli protokolu və iqtisadi əməkdaşlıq məsələləri üzrə Azərbaycan-Ukrayna hökumətlərarası birgə komissiyasının beşinci iclasının protokolunu imzaladılar.