İqtisadiyyat İnstitutunda Türkiyə nümayəndə heyəti ilə görüş təşkil olunub
Bakı, 15 sentyabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunda Türkiyədən olan tədqiqatçılardan ibarət nümayəndə heyəti ilə görüş təşkil olunub. Nümayəndə heyəti Türk Dünyası Yörük Türkmən Birliyinin baş katibi Cemal Akkuş, Diplomatik və Strateji Araşdırmalar Mərkəzinin direktoru Mehmet Gökhan Özbukçu, Alternativ Araşdırmalar Mərkəzinin xarici siyasət direktoru Necmettin Özdemirdən ibarət olub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, İqtisadiyyat İnstitutunun baş direktoru, professor Nazim Müzəffərli qonaqlara bu elmi müəssisənin fəaliyyət istiqamətləri, həyata keçirilən fundamental elmi tədqiqatlar, dövlət qurumları ilə əməkdaşlıq və elmi layihələr barədə məlumat verib.
Türk tədqiqatçılar təmsil etdikləri qurumların fəaliyyəti, Türk dünyası ilə bağlı həyata keçirilən layihələr və beynəlxalq elmi tədbirlər barədə fikirlərini bölüşüblər. Görüşdə İqtisadiyyat İnstitutu ilə Türkiyənin müvafiq elmi və araşdırma qurumları arasında əməkdaşlığın genişləndirilməsi, birgə layihə və tədbirlərin keçirilməsi imkanları haqqında danışılıb. Xüsusilə Türk dünyasının iqtisadiyyatının müxtəlif aspektlərinin araşdırılması, habelə Türk dünyasının tanınmış iqtisadçılarının elmi irsinin öyrənilməsi və təbliği istiqamətində birgə konqreslərin təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər elmi əməkdaşlığın inkişaf etdirilməsinin, birgə tədqiqat və tədbirlərin həyata keçirilməsinin Azərbaycan-Türkiyə elmi əlaqələrinin, Türk dünyasında iqtisadi araşdırmaların daha da genişləndirilməsinə töhfə verəcəyini vurğulayıblar.