İradə İbrahimova: Odun tədarükü nədənsə ağacların qanunsuz kəsilməsi kimi təqdim edilir
Bakı, 19 oktyabr, AZƏRTAC
“Ötən həftə ərzində 3 min 901 kubmetr oduncaq tədarük olunub”.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.
Mətbuat katibi bildirib ki, qazlaşdırılmayan kəndlərin əhalisinin, həmçinin Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin hərbi hissələrinin, təhsil, səhiyyə müəssisələrinin oduna olan tələbatını ödəmək məqsədilə hazırda ölkə üzrə meşə ərazilərinin xüsusi ayrılmış sahələrində oduncaq tədarükü işləri aparılır. Təkcə ötən həftə 3 min 901 kubmetr oduncaq tədarük olunub. Aparılan mövsümi tədarük prosesi təəssüf ki, nədənsə ayrı-ayrı şəxslər tərəfindən meşə sahələrində ağacların qanunsuz kəsilməsi kimi təqdim edilir və nəticədə cəmiyyətdə çaşqınlıq yaranır.
Mətbuat katibinin sözlərinə görə, tədarükə başlamamışdan əvvəl şəffaflığın təmin olunması, ictimai nəzarətin həyata keçirilməsi məqsədilə respublikanın bütün rayonlarında may ayından etibarən qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, rayon sakinlərinin və ictimai fəalların iştirakı ilə ictimai dinləmələr keçirilir. Oduncağın tədarük ediləcəyi meşə əraziləri barədə nazirliyin rəsmi sosial şəbəkə hesablarında əvvəlcədən ictimaiyyətə məlumat verilir.
Nazirliyin sözçüsü ötən həftə ərzində ayrı-ayrı bölgələrdə tədarük olunan oduncağın həcmi barədə də məlumat verib: “Cənub bölgəsində Lerik rayonu üzrə 45, Astara rayonu üzrə 42, şimal bölgəsində Quba rayonu üzrə 900, Qusar rayonu üzrə 500, Xaçmaz rayonu üzrə 294, Şabran rayonu üzrə 55 kubmetr oduncaq tədarük edilib. Eyni zamanda, Tovuz rayonu üzrə 19, Göygöl rayonu üzrə 81, Goranboy rayonu üzrə 90, Gədəbəy rayonu üzrə 80, Daşkəsən rayonu üzrə 80, Samux rayonu üzrə 30, Şəmkir rayonu üzrə 20, Şəki rayonu üzrə 121, Qax rayonu üzrə 200, Zaqatala rayonu üzrə 400, Balakən rayonu üzrə 276, Qəbələ rayonu üzrə 250, Oğuz rayonu üzrə 141, İsmayıllı rayonu üzrə 202, Ağsu rayonu üzrə 75 kubmetr oduncaq tədarük olunub”.