İran və Azərbaycan vasitəsilə Hindistanın Rusiya ilə yükdaşımasının həcmi artacaq
Tehran, 14 mart, AZƏRTAC
Ötən həftə Hindistanın “Concor” nəqliyyat şirkəti ilə Rusiyanın Dövlət Dəmir Yollarına məxsus logistika şirkəti arasında yüklərin daşınmasında əməkdaşlıq haqqında müqavilə imzalandı.
Sənədin imzalanmasından sonra “Concor” şirkətinin baş direktoru Kalyan Rama KİV nümayəndələrinə bildirdi ki, yaxın 3 ay ərzində İran və Azərbaycan vasitəsilə Hindistanın Rusiya ilə yükdaşımasının həcmi əhəmiyyətli dərəcədə artacaq. Şirkət rəhbəri onu da qeyd etdi ki, əvvəlki marşrutla müqayisədə yüklərin İran ərazisindən daşınması vaxta və nəqliyyat xərclərinə qənaət edəcək. K.Rama dəqiq rəqəm səsləndirməsə də, dedi ki, bundan sonra Rusiya ilə Hindistan arasında olan yükdaşımalar İran ərazisindən istifadə etməklə həyata keçiriləcək.
K.Ramanın nəzərdə tutduğu marşrut Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizidir ki, bu dəhliz Azərbaycandan da keçir. Yüklər Hindistandan Rusiyaya və əks istiqamətə daşınması İranın Çabahar dəniz limanı vasitəsilə reallaşacaq. Hindistanın bu limanın yenidən qurulması və yeni texniki avadanlıqlarla təchiz olunması üçün 2 milyard dollar vəsait ayırması da təsadüfi xarakter daşımır.
Qeyd etmək lazımdır ki, yüklər Hindistanın Mumbai limanından çıxaraq İranın Çabahar limanına, buradan isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Rusiyaya daşınacaq. Əks istiqamətdə də yüklər Rusiyadan Azərbaycanın İran ilə sərhədindəki Astara şəhərinə, buradan da dəmir yolu ilə Çabahar limanına, oradan isə Hindistanın Mumbai limanına daşınacaq.
Göründüyü kimi, hər iki istiqamətdə yüklər Azərbaycan ərazisindən də keçəcək ki, bu da ölkəmizin büdcə gəlirlərinin artmasına, yeni iş yerlərinin yaranmasına və ümumilikdə əhalinin sosial vəziyyətinin əhəmiyyətli dərəcədə yüksəlməsinə təkan verəcək.
Bu gün Azərbaycanda həyata keçirilən iqtisadi islahatların əsası hələ 2006-cı ildə qoyulub. Məhz həmin il Azərbaycan Prezidenti İlham Əliyev ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmaq məqsədilə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin formalaşması prosesini diqqətə alıb. Azərbaycanı növbəti dəfə reallaşan dünya miqyaslı layihəyə cəlb etməklə Prezident İlham Əliyev təkcə məsələnin iqtisadi tərəfini deyil, həm də siyasi istiqamətini də müəyyən edib. Məsələnin mahiyyəti ondan ibarətdir ki, təkcə Rusiya ilə Hindistanın yox, ümumilikdə Avropa ilə Asiya qitəsi arasında iqtisadi əlaqələrin intensiv şəkildə inkişafına xüsusi diqqət yetirilib. Hindistanın Mərkəzi Bankının hesablamalarına görə, yaxın illərdə Avropa ilə Asiya arasındakı yükdaşımaların həcmi 200 milyard dollara çatacaq.
Firdovsi adına Məşhəd Universitetinin professoru Ruhulla İslami qeyd edir ki, Çabahar limanı yalnız Hindistanın Rusiya və Avropa ilə deyil, həmçinin Pakistanın da Avropa ilə iqtisadi əlaqələrinin genişlənməsi üçün əhəmiyyətə malikdir. Limanın strateji mövqeyi onun mahiyyətini artırmaqla yanaşı, Cənub-Şərqi Asiyadakı bütün dövlətlərin Avropa ilə ticarət əlaqələri qurmaq imkanı verir. Bu isə onu deməyə əsas verir ki, Çabahar limanına daxil olan yüklər yalnız Azərbaycan ərazisindən keçməklə dünya bazarına çıxarılacaq. Ölkəmizin logistika mərkəzinə çevrilməsinin ardınca siyasi əhəmiyyəti də artacaq. Asiyanın bütün dövlətlərinin Bakıda səfirlikləri, iri şirkətlərin nümayəndəlikləri, firmaların məntəqələri açılacaq ki, bu da Azərbaycanın siyasi əhəmiyyətini artıracaq və beynəlxalq aləmdə tərəfdaşlarının artmasına gətirib çıxaracaq.
Bütün bunlar qeyri-neft sektorunun inkişafı istiqamətində Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin nəticəsidir.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran