Avropada hava nəqliyyatı sərnişinləri üçün daha güclü müdafiə mexanizmi yaradılır
Berlin, 15 iyun, AZƏRTAC
Avropa İttifaqı (Aİ) Şurası və Avropa Parlamenti hava nəqliytatı sərnişinlərinin hüquqlarının gücləndirilməsinə dair yeni qaydalar üzrə razılıq əldə edib.
AZƏRTAC xəbər verir ki, yenilənmiş qaydalara əsasən, uçuşun üç saatdan çox gecikməsi və ya uçuşun yola düşməsinə 14 gündən az vaxt qalmış ləğv edilməsi hallarında sərnişinlərin kompensasiya almaq hüququ saxlanılır. Kompensasiya məbləği məsafədən asılı olaraq 250, 400 və ya 600 avro təşkil edəcək.
Yeni tələblər aviaşirkətlərin sərnişinlərə məlumat vermək və müraciətlərə baxmaq öhdəliklərini də sərtləşdirir. Şirkətlər gecikmə və ya ləğv hallarında sərnişinləri hüquqları barədə məlumatlandırmalı, kompensasiya tələblərini dərhal qeydiyyata almalı və 30 gün ərzində cavab verməlidirlər.
Razılaşma sərnişinlərin yardım alma hüquqlarını da dəqiqləşdirir. Uzunmüddətli gözləmə zamanı içkilər, yemək, internetə çıxış, telefon zəngləri, zərurət yarandıqda isə pulsuz hotellə təminat və nəqliyyat xidmətləri göstəriləcək. Aviaşirkət bu yardımı təqdim etmədikdə sərnişin xərclərini sonradan geri tələb edə biləcək.
Sənəddə bir sıra yeni hüquqlar da təsbit olunub. Belə ki, sərnişinin əvvəlki seqmentdən istifadə etməməsi səbəbindən növbəti uçuşa buraxılmaması qadağan edilir. Əl yükü daxil olan tariflərin bronlaşdırma prosesinin əvvəlində göstərilməsi məcburi olacaq. Əlilliyi və ya hərəkət məhdudiyyəti olan şəxslər, hamilə qadınlar, müşayiətsiz azyaşlılar və ailələr üçün əlavə təminatlar tətbiq ediləcək.
Yeni qaydalar, həmçinin alternativ marşrut təklif edilməsi, fövqəladə halların daha aydın müəyyənləşdirilməsi və sərnişinlərin hüquqları barədə məlumatlandırmanın təkmilləşdirilməsini nəzərdə tutur.