İRAQIN ŞİMALINDA PARTLAYIŞ NƏTİCƏSİNDƏ 20 NƏFƏR HƏLAK OLMUŞ, 150-YƏ YAXIN İNSAN YARALANMIŞDIR
AZƏRTAC xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, iyulun 28-də Bağdaddan 250 kilometr şimalda yerləşən Kərkük şəhərində törədilmiş terror aktının qurbanlarının sayı 20 nəfərə çatmışdır. “Əl-Ərəbiyyə” peyk telekanalının verdiyi məlumata görə, bu terror aktı nəticəsində daha 150 nəfərə yaxın İraq sakini yaralanmışdır.
Polis bildirmişdir ki, kamikadze yerli hakimiyyət orqanlarına seçkilər haqqında mübahisəli qanun layihəsinin ölkə parlamenti tərəfindən qəbul edilməsinə etiraz əlaməti olaraq şəhərin küçələrinə çıxmış yüzlərlə kürdün arasına soxulub orada özünü partlatmışdır.
Başqa bir terror aktının isə qarşısını almaq mümkün olmuşdur: asayiş keşikçiləri ekstremistlərin nümayişçilər arasında partlatmağa hazırlaşdıqları minalanmış avtomobili aşkar edib zərərsizləşdirmişlər.
İyulun 28-də Bağdadda dini mərasimlərdə iştirak etmək üçün şəhərin qədim Əl-Kazımiyyə məhəlləsinə gedən şiə məzhəbli minlərlə zəvvara qarşı törədilmiş partlayışlar nəticəsində 28 nəfər həlak olmuş, 90-dan çox adam xəsarət almışdı. Bu hadisədən az keçmiş zəvvarların yolunun kənarında qoyulmuş partlayıcı qurğu işə düşmüş, sonra isə izdiham arasına soxulmuş üç terrorçu qadın özlərini partlatmışlar.
İraq paytaxtından 60 km Şimal-Şərqdə yerləşən, vəziyyətin çox gərgin olduğu Diyal əyalətinin inzibati mərkəzi Baakubə şəhərinin yaxınlığında dünən səhər baş vermiş partlayış dörd nəfərin ölümü ilə nəticələnmişdir.