“İRƏLİ” ÜMUMRESPUBLİKA GƏNCLƏR HƏRƏKATININ KEÇİRDİYİ AKSİYAYA QOŞULANLARIN SAYI 5 MİN NƏFƏRİ ÖTMÜŞDÜR
“İrəli” Ümumrespublika Gənclər Hərəkatı ötən ilin dekabrında “İlhamla İrəli” aksiyasına start vermişdir. Aksiya təkcə Bakıda deyil, Azərbaycanın hər bir bölgəsində uğurla həyata keçirilir.
“İrəli” Ümumrespublika Gənclər Hərəkatından AZƏRTAC-a bildirmişlər ki, aparılmış geniş təbliğat işləri nəticəsində 4 ay ərzində aksiyaya qoşulanların sayı 5 min nəfəri ötmüşdür.
Aksiyaya qoşulanların əksəriyyətinin gənc və orta yaşlı olması heç də təsadüfi deyildir. Ölkəmizin Prezidenti İlham Əliyev gənclərə daim diqqət göstərir, “Gənclər bizim gələcəyimizdir” deyir, hər fürsətdə onların bilik və bacarığının üzə çıxarılmasına, dövlətimizin gələcəyi naminə onların potensialından istifadə edilməsinə çalışır. Prezidentin müvafiq Sərəncamı ilə Azərbaycan gənclərinin xaricdə təhsil almalarına dövlət dəstəyi göstərilmiş və bu məqsədlə onlara hər cür şərait yaradılmışdır.
Bildirilmişdir ki, yaxın vaxtlarda hərəkatın fəallığı sayəsində aksiyaya qoşulanların sayı daha da artacaqdır.