İrsi qan xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək məqsədilə növbəti qanvermə aksiyası keçirilib
Bakı, 16 may, AZƏRTAC
“Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyi və əməkdaşları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın talassemiya və hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkənlər üçün qan ehtiyatının yaradılmasına dəstək çağırışına qoşularaq qanvermə aksiyasında iştirak ediblər. Aksiya Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində həyata keçirilib.
Müəssisənin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Səlimov AZƏRTAC-a bildirib ki, irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən uşaqlara dəstək olmaq və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədilə keçirilən aksiyada qurumun 100-ə yaxın əməkdaşı iştirak edib.
Onun sözlərinə görə, həkim-hematoloqlar tərəfindən hər bir donorun sağlamlıq durumu əvvəlcədən müəyyən olunub və hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb. Götürülən qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz xəstəliyindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.
B.Səlimov qeyd edib ki, qanvermə aksiyası hazırda qüvvədə olan karantin rejiminin bütün tələblərinə əməl olunmaqla həyata keçirilib.