“İŞIQLI DÜNYADA YAZDIQLARIMI QARANLIQ DÜNYADA OXUYASI OLDUM”
Respublikanın əməkdar jurnalisti, elə bu yaxınlarda 75 yaşına qədəm qoymuş Telman Qarayev 50 il ərzində jurnalistliyin bütün ağrı-acısını dadmışdır. Həmin illərin səkkizi “Ədəbiyyat və incəsənət” qəzetinin, qalanı isə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin payına düşür. Hazırda pensiyaçıdır. 2006-cı ildə - Azərbaycan radiosunun 80, televiziyasının 50 yaşı, özünün əmək fəaliyyətinin 45 ili tamam olanda... gözləri nurdan düşmüş, dünya işığına həsrət qalmışdır.
Ağdamın Sarıcalı kəndində dünyaya göz açmış, Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmiş Telman Qarayevin bəlkə də dünyada heç kimdə olmayan səs muzeyi - ömründən keçən Şəxsiyyətlərin fikrini, düşüncəsini, Zamanın nadir hadisələrini özündə əks etdirən 5000-dən artıq audio və videokassetlər əsl sərvətdir.
Qocaman radiojurnalistin arxivində dövlət xadimlərinin, dünya şöhrətli sənətkarların, o cümlədən şairlərin, yazıçıların, bəstəkarların, rəssamların, müğənnilərin, dirijorların, aktyorların, rejissorların, öz əməlləri ilə nümunə olan digər peşə sahiblərinin lent yazıları vardır. Özü deyir ki, onların səslərini SSRİ bəstəkarlarının qurultaylarında, Moskva, Leninqrad, Kiyev, Səmərqənd, Düşənbə, Tbilisi festivalları və müsabiqələrində, Azərbaycan musiqi mədəniyyəti günlərində, Nizaminin, Füzulinin, Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Rəşid Behbudovun... yubiley gecələrində yazmışam. Unudulmaz ümummilli liderimiz Heydər Əliyevin iştirakı ilə Naxçıvanda keçirilən tədbirlərdə, xüsusilə dahi dramaturqumuz Hüseyn Cavidin məqbərəsinin açılışı günlərində hazırladığım reportajlar, İran, Türkiyə, Hindistan, Pakistan, Suriya, Fransa, ABŞ, Polşa, Rumıniya və Bolqarıstandan gəlmiş qonaqlardan aldığım müsahibələr də bu səslərin sırasındadır. Dünya şöhrətli sənətkarların - Rac Kapurun, Arkadi Raykinin, İqor Kionun, Dmitri Şostakoviçin, Müslüm Maqomayevin, Lyudmila Zıkinanın, habelə Maya Kristallinskayanın, Tamara Sinyavskayanın, Solovyov-Sedoyun, Raymond Paulsun, Vaxtanq Kikabidzenin, kosmonavt Vladimir Komarovun, neçə-neçə İran və türk müğənnisinin səsləri və avtoqrafları arxivimin dəyərini artırır. Qarabağ işğal olunandan sonra onun bülbülləri perik düşüb. Lakin mən müxtəlif rayonlarda məskunlaşmış bu istedadlı uşaqları tapıb səslərini yazmışam.
...Telman Qarayevin “xəzinəsinin” sorağı bəstəkarlardan Vasif Adıgözəlova, Ramiz Mirişliyə, akademik Bəkir Nəbiyevə, şair Məmməd Aslana da çatıb. AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev bu barədə hətta “Ədəbiyyat qəzeti”nin oxucularına da məlumat vermişdir: “Telman Qarayevin on illər boyu çox böyük səy və zəhmət bahasına başa çatdırdığı toplama və sistemləşdirmə işinin parlaq nəticəsini nadir səslər xəzinəsi adlandırmaq olar”. Akademik bu xəzinədə səsi saxlanılan sənətkarların adını sadalayaraq vurğulayır ki, onların “ifaları, nitqləri və söhbətləri adamda böyük qürur doğurur”.
Jurnalistin evində quşların civiltisi və cəh-cəhini, çayların şırıltısını, yarpaqların pıçıltısını, qatarların səsini, salonlardan qopan alqışları da dinləmək mümkündür.
Telman müəllimin arxivində qeyri-adi bir səs də mühafizə olunur. Bu, körpə qığıltısıdır. Saatlıdakı doğum evindən veriliş hazırlayarkən lentə alıb. Adətən, qonaqları ilə həmin qığıltını dinlədikdən sonra deyir ki, böyük ifaçılar kimi bəyənilən, sevilən sənət adamları, şair və alimlərin hamısı əvvəlcə bu qığıltı mərhələsini keçiblər...
Əslində, onun səs muzeyi milli sərvətimizdir. Bu gün haqqında danışdığımız səs inciləri toplusu bir nəfərə məxsus olsa da, bütövlükdə Azərbaycanımıza şöhrət gətirə biləcək sərvətdir.
######
