“İşıqlı kuklalar şousu” maraqla qarşılanıb
Bakı, 18 fevral, AZƏRTAC
Heydər Əliyev Sarayında uşaqlar üçün orijinal və interaktiv yeni tamaşa “İşıqlı kuklalar şousu” təqdim olunub.
Saraydan AZƏRTAC-a bildirilib ki, öz kreativliyi ilə fərqlənən, 1 metrdən 8 metrədək ölçüsü olan yeni, parlaq, unudulmaz, qeyri-adi və unikal işıqlı kuklalar tamaşaçıların marağına səbəb olub. Nikolay Zıkov teatrının təqdim etdiyi bu unikal tamaşa bənzərsiz uğurlarla bütün dünyada sevilir.
Nikolay Zıkov dünyanın ən tanınan kuklaçılarından biridir. 200-dək kukla yaradan, Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 40-dan çox ölkəsində tamaşalarla çıxış edən Nikolay Zıkov bir çox kukla şousunun müəllifi, rejissoru, rəssamı və ifaçısıdır.
Onun yenilikçi yaradıcılıq fəaliyyəti və peşəkar ifaçılığı bir çox beynəlxalq mükafatlara layiq görülüb.