İskit və kimmer arxeologiyası: mixi yazılı mənbələr və son tədqiqatlar
Bakı, 14 may, AZƏRTAC
AMEA Arxeologiya və Antropologiya İnstitutunda Ukrayna Elmlər Akademiyası Arxeologiya İnstitutunun Çöl Tədqiqatları Komitəsinin sədri Yuriy Boltrikin və Ankara Sosial Elmlər Universitetinin professoru Selim Ferruh Adalinin elmi seminarları keçirilib.
Bu barədə AZƏRTAC-a Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.
Seminarda elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru Zaur Həsənov Azərbaycanın Dəmir dövrü arxeologiyası və qədim tarixində özünəməxsus yeri olan iskit və kimmer tayfaları barədə danışıb. Bildirib ki, institutun qonaqları göstərilən mövzu üzrə tədqiqatlarında əldə etdikləri yeni biliklərini azərbaycanlı alimlərlə paylaşmaq niyyətindədirlər. “Cari seminar arxeologiya və qədim mənbəəşünaslıq üzrə institutda aparılan tədqiqatların yeni səviyyəyə yüksəlməsinin və elmi biliklər üzrə beynəlxalq əməkdaşlığın növbəti təzahürüdür”, - deyə Zaur Həsənov vurğulayıb.
Yuriy Boltrik seminarda “Şimali Qara dəniz bölgəsi iskitlərinin yaşayış yerləri və kurqanları” mövzusunda təqdimatla çıxış edib. O, Ukrayna ərazisində aparılan arxeoloji tədqiqatlarda iskitlərin oturaq əhali və şəhər yerləri ilə müxtəlif əlaqə və münasibətlərini ortaya qoyan nəticələrdən bəhs edib. Həmçinin Ukrayna ərazisində mənbələrdə adı keçən qədim yunan koloniyaları ilə iskitlərin cəmləndiyi qədim şəhər yerləri arasında mürəkkəb iqtisadi-siyasi əlaqələri göstərən arxeoloji materialları seminar iştirakçılarının diqqətinə çatdırıb, o cümlədən iskitlərin yaşadığı ərazilərin arxeoloji və mədəni-coğrafi landşaftının xüsusiyyətlərini qeyd edib.
Selim Ferruh Adalinin “Mixi yazılı mənbələrdə kimmerlər haqqında mülahizələr” mövzusunda təqdimatı qədim sami, yunan və fars mənbələrində kimmerlər barədə verilən məlumatlara həsr olunub. Həmçinin təqdimatda Türkiyə ərazisində aparılan son arxeoloji tədqiqatlar zamanı əldə edilmiş materialların əsasında iskit və kimmerlərin axınları barədə yeni mülahizələrin irəli sürülməsi üçün geniş meydanın yaranması qeyd edilib. Bildirilib ki, Ön Asiyanın qədim mənbələrində qeyd edilən iskit və kimmerlərin ən qədim cəmləşdiyi ərazi Araz çayının ətrafı və Urmiya hövzəsi olub. Çıxışçının gəldiyi nəticələrə görə, artıq Əhəmənilərin mənbələrində “sak” kimi qeyd edilən tayfalar Babilistan mənbələrində “gimir” (kimmer) kimi adlandırılıb.