“İSLAM DİNİNİN MÜASİR BEYNƏLXALQ MÜNASİBƏTLƏRDƏ ROLU” MÖVZUSUNDA YAY MƏKTƏBİ BAŞA ÇATMIŞDIR
Azərbaycan Diplomatik Akademiyasının (ADA) “İslamın beynəlxalq münasibətlərdə rolu” mövzusunda təşkil etdiyi yay məktəbi iyulun 20-də Qubada başa çatmışdır.
Akademiyadan bildirmişlər ki, yay məktəbi İslam dini mövzusunda Azərbaycanda təşkil edilən ilk beynəlxalq məktəb olmuş və proqrama ABŞ, İsveç, Hollandiya, Mozambik, İran, İsrail daxil olmaqla 15 ölkədən 35 iştirakçı qoşulmuşdur. Yay məktəbinin təlimçi heyəti isə dünyanın tanınmış təhsil müəssisələrinin professorlarından təşkil olunmuşdur. Bu təhsil müəssisələrinə nümunə olaraq Fletçer Hüquq və Diplomatiya Məktəbini, Boston Tafts Universitetini, Cenevrə Ali Beynəlxalq İnkişaf İnstitutunu, Ankara (Yaxın Şərq Texniki Universitetini), Moskva (Dövlət Beynəlxalq Münasibətlər Universitetini), Haifa Universitetini, Ərəb Əmirliyinin Strateji Araşdırmalar və Tədqiqat Mərkəzini göstərmək olar.
Yay məktəbinin açılışı Bakıda, yenicə təmirdən çıxmış Cümə məscidində keçirilmiş və tədbirin iştirakçıları məscidin ilk ziyarətçiləri olmuşlar. Proqram zamanı iştirakçılar katolik kilsəsini də ziyarət etmiş, rahib ata Yan Çapla ilə Azərbaycanda dini müxtəliflik, xristianlığa münasibət, katolik kilsəsinin bərpası kimi mövzularda söhbət etmişlər.
Tədbirin birinci hissəsi iyulun 17-də xarici işlər naziri Elmar Məmmədyarovun iştirakçılarla görüşü ilə başa çatmışdır. Görüşdə E.Məmmədyarov İslamın Azərbaycanın xarici siyasətinin formalaşmasında rolundan danışmış, iştirakçıların suallarını cavablandırmışdır.
Kursun ikinci hissəsində Qubaya səfər təşkil edilmiş, Qırmızı qəsəbədə yerləşən yəhudi sinaqoqu ziyarət olunmuş və Azərbaycanda yəhudi icmasına münasibət və ölkəmizdə yaşayan müxtəlif dini etiqadlara malik insanlar arasındakı əlaqələr barədə söhbətlər aparılmışdır.
Proqram çərçivəsində bu mövzu üzrə tanınmış professorların mühazirələrini dinləyən iştirakçılar, eyni zamanda, İslam dininin tarixi, təkamülü, bu dinlə bağlı formalaşmış təsəvvürlər və yanaşmalar haqqında nəzəri biliyə yiyələnmişlər. Yay məktəbi iştirakçılara sertifikatların verilməsi ilə başa çatmışdır.