İsmayıllı məktəblisinin erməni cəlladlarına məktubu
İsmayıllı, 25 fevral (AZƏRTAC, Adil Ağayev). İsmayıllı şəhərindəki İsrail Həsənov adına 1 nömrəli tam orta məktəbin V sinif şagirdləri Heydər Əliyev Mərkəzində Xocalı faciəsində qətlə yetirilmiş uşaqların xatirəsinə anım mərasimi keçirmişlər.
AZƏRTAC xəbər verir ki, mərasimi açan Əməkdar Müəllim Mirvari Musayeva Xocalı faciəsi barədə ətraflı məlumat vermişdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni daşnaklarının Xocalıya hücumundan, törətdikləri soyqırımının acı nəticələrindən danışan natiq öldürülənlər arasında 63 uşağın da olduğunu diqqətə çatdırmışdır. M. Musayeva, eləcə də digər çıxış edənlər bu faciənin erməni vandallığının daha bir sübutu olduğunu bildirmişlər.
Sonra məktəblilər Xocalıda qətlə yetirilmiş uşaqların xatirəsinə şamlar yandırmışlar. Şeirlər söyləmiş, erməni həmyaşıdlarına erməni daşnaklarının törədikləri vəhşiliklər barədə yazdıqları ittihamedici məktubları oxumuşlar. Bu məktublarda azyaşlı uşaqlara vəhşicəsinə divan tutanların insan adını daşımağa layiq olmadığı, onların əməllərinin yüz illər boyu ikrahla xatırlanacağı bildirilir.
Mərasimdə rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev çıxış edərək ermənilərin azərbaycanlılara qarşı zaman-zaman törətdikləri soyqırımlardan, Xocalı faciəsinin dəhşətlərindən danışmışdır. Qeyd etmişdir ki, bu gün hər bir azərbaycanlının qarşısında duran ən mühüm vəzifə Xocalı faciəsi barədə əsl həqiqətləri dünyaya çatdırmaqdır. Məktəblilərin bu təşəbbüsü, ittihamedici məktubları bu mənada xüsusi əhəmiyyət daşıyır.
İsmayıllı məktəblilərinin erməni cəlladlarına yazdıqları məktublardan birini təqdim edirik:
“Artıq elə bir zaman gəlib çatıb ki, Xocalı həqiqətlərinin əsl mənasını həm Azərbaycanda, həm də bütün dünyada hamı yaxşı başa düşür. Siz necə? Nə etdiyinizi anlayırsınızmı? Bu hüznlü günlərdə dünyanın ən qanlı faciəsini yada salaraq düşünürük ki, görəsən bu vəhşiliklər insan beyninin məhsuludur? Onların köksündəki ürək buna necə dözüb? Niyə bu işi görən əllər qurumayıb?
Mən o hadisələrdən 11 il sonra dünyaya gəlmişəm. Dərk etdiyim ən qorxulu hadisə Xocalı faciəsi olub. Bəli, siz günahsız insanlara düşmən kəsilmisiniz. İnsanlar sizə lənət oxuyur. Bu dünyada torpaq davası edirsiniz. O dünyada da sizə yer olmayacaq. Çünki torpaq siz xislətdə olanları qəbul etmir.
V c sinfinin şagirdi Əhmədli Ziya.