CƏMİYYƏT
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının binası əsaslı təmir edilərək yenidən qurulmuşdur
İsmayıllı, 17 iyun (AZƏRTAC). İsmayıllı rayonunda tibb işçilərinin peşə bayramı təntənəli surətdə qeyd olunmuşdur.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə çiçəklər qoymuş, əziz xatirəsinə ehtiramlarını bildirmişlər.
Sonra Heydər Əliyev Mərkəzində təntənəli yığıncaq keçirilmişdir.
Yığıncaqda son illərdə Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanda, o cümlədən İsmayıllıda səhiyyənin inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışılmışdır. Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılmış vəsait hesabına rayon mərkəzi xəstəxanasının binası əsaslı təmir edilərək yenidən qurulmuş və hazırda ən müasir tibbi avadanlıqlarla təchiz olunur. Son bir il ərzində Lahıc qəsəbəsində və İvanovka kəndində yeni xəstəxana binaları, Topçu və Tiran kəndlərində həkim ambulatoriyaları istifadəyə verilmişdir.
Hazırda 121 nəfər həkimin və 664 nəfər orta tibb işçisi və digər işçilərin çalışdıqları rayon səhiyyə sisteminin əhaliyə daha yüksək xidmət göstərməsi ilə əlaqədar proqram hazırlanmışdır və icrası üçün lazımi tədbirlər görülür.
Təntənəli yığıncaqda bir qrup qabaqcıl tibb işçisinə rayon icra hakimiyyətinin fəxri fərmanı və pul mükafatı verilmişdir.
Sonda Heydər Əliyev Mərkəzinin foyesində bayram konserti olmuşdur.