İsmayıllı sakini uzunluğu 4 metr olan sabun hazırlayıb
O, bu bacarığı və maraqlı əl işi ilə Ginnesin “Rekordlar kitabı”na düşmək iddiasındadır
İsmayıllı, 30 may, Şahnəzər Bəşirov, AZƏRTAC
İsmayıllı rayonunun Xanagah kənd sakini Mirəstə Nəbiyeva uzunluğu 4 metr olan sabun bişirib. O, bu bacarığı və maraqlı əl işi ilə Ginnesin “Rekordlar kitabı”na düşmək iddiasındadır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Mirəstə xanım bu vaxta qədər müxtəlif əl işləri hazırlayaraq rayon tədbirlərindəki sərgilərdə nümayiş etdirib. Onun maraqlı təqdimatları rayon sakinləri və turistlər tərəfindən həmişə bəyənilib. Bu da Mirəstə xanımda yeni nailiyyətlər əldə etmək, yeni əl işləri hazırlamaq üçün həvəs yaradıb. Mirəstə xanım hazırda yeni bir əl işini bizə təqdim edir. O, uzunluğu 4 metr, eni 63 santimetr, hündürlüyü 5 santimetr, çəkisi 500 kiloqram olan sabun hazırlayıb.
Mirəstə xanım bunun üçün həyat yoldaşından 4 metr uzunluğunda dəmir qəlib hazırlamasını istəyib. Sonra 1200-ə qədər xırda sabun hazırlayaraq onları həmin qəliblərə yığıb. Sabun qəlibi 4 hissədən ibarətdir. Hər qəlibə 10 vedrə bişirilmiş sabun töküb. O, bu sabunu bir neçə günə hazırlayıb. Sabunun bir qatı hazır olduqdan sonra onun 10 gün ərzində qurumasını gözləyib. Sonra digər üst qatı hazırlamaq üçün həmin prosesləri davam etdirib. Bu gün son tamamlama və üzləmə işini aparan Mirəstə Nəbiyeva bunun quruması üçün yenə 10 gün gözləyəcəyini bildirib. O, sonra iddiasında olduğu Ginnesin “Rekordlar kitabı”na düşmək üçün müraciət edəcəyini deyib.