İsmayıllıda 108 yaşayış məntəqəsinin 100-də kütləvi tibbi müayinə başa çatıb
İsmayıllı, 2 may, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq əhalinin kütləvi tibbi müayinəsi kampaniyası İsmayıllı rayonunda da uğurla həyata keçirilir və artıq 100 yaşayış məntəqəsində bu humanist aksiya başa çatıb.
Rayon mərkəzi xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, aksiya çərçivəsində rayon üzrə 18 və yuxarı yaşda olan 62700 nəfərdən çox sakinin bu humanist aksiyadan yararlanacağı nəzərdə tutulub. Fevralın 12-dən indiyədək 50871 vətəndaş tibbi müayinədən faydalanıb. Müayinə olunanlardan 1041 nəfər ambulator, 215 nəfər isə stasionar müalicəyə cəlb olunub, 51 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb. 72 nəfər ixtisaslaşmış tibb müəssisələrinə göndərilib.
İxtisaslı həkimlərdən ibarət xüsusi səyyar briqada tibb müəssisəsinə gəlmək imkanı olmayan ahıl və xəstə insanlara evlərində xidmət göstərir.
İsmayıllı sakinləri insanların sağlamlığının qorunmasına yönələn bu xeyirxah aksiyaya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirirlər.