İDMAN
İsmayıllıda bədii gimnastika üzrə Azərbaycan çempionatı keçiriləcəkdir
Bakı, 7 noyabr (AZƏRTAC). Noyabrın 19-da Azərbaycanın bədii gimnastika üzrə 20-ci çempionatı keçiriləcəkdir. Yarışlarda senyorkalardan, həmçinin 1998-2000-ci il təvəllüdlü idmançılardan ibarət 17 gimnast iştirak edəcəkdir. Gimnastlar həm mütləq çoxnövçülük üzrə, həm də ayrı-ayrı növlər üzrə medallar uğrunda mübarizə aparacaqlar.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, son beş ildə ölkənin dəyişməz çempionu Aliyə Qarayeva olmuşdur. London olimpiadasından sonra o, böyük idmanı tərk etmişdir. İndi yeni titul və qızıl medal uğrunda mübarizə aparan əsas iddiaçılar Marina Durunda və keçən il bu növ yarışların gümüş mükafatına layiq görülmüş Lalə Yusifova hesab edilir.
Respublika Kompleks İdman Məktəbinin və “Baku Fleyms” klubunun gimnastları ilə yanaşı çempionatda “Neftçi” klubunun, Bakı Gimnastika məktəbinin, “Spartak” və “Sərhədçi” klublarının nümayəndələri də çıxış edəcəklər.
Çempionata maraq həm də ondan irəli gəlir ki, o, iki il bundan əvvəl olduğu kimi yenə də paytaxtdan kənarda keçiriləcəkdir. Bu dəfə yeni çempionların adları İsmayıllı Olimpiya İdman Kompleksində səsləndiriləcəkdir. Milli Federasiyanın vəzifələrindən biri gimnastikanı təkcə Bakıda deyil, həm də Azərbaycanın ayrı-ayrı regionlarında inkişaf etdirməkdir. Son illər paytaxtdan kənarda bir neçə bölmə açılmışdır ki, onlar da müvəffəqiyyətlə inkişaf edir və yaxşı nəticə verir.
Çempionat qala-konsertdə ən yaxşı gimnastların, ölkənin bu gözəl guşəsinin gənc nümayəndələrinin ifasında əlvan nümunəvi çıxışlarla başa çatacaqdır.