İsmayıllıda Çernobıl əlilləri ilə görüş
İsmayıllı, 27 aprel, AZƏRTAC
İsmayıllıda Çernobıl faciəsinin 32-ci ildönümü ilə əlaqədar əlillərlə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Çernobıl əlillərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdikləri görüşdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev 1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasının dördüncü reaktorunda baş verən partlayışın acı nəticələri barədə danışıb, qəzanın nəticələrinin aradan qaldırılmasında 32 İsmayıllı sakininin də iştirak etdiyini bildirib. Artıq onlardan 10 nəfərinin həyatını itirdiyini, qalanlarının isə əlillik həyatı yaşadığını söyləyib. R.Ağayev ölkəmizdə əlillərə göstərilən dövlət qayğısından, bununla əlaqədar ümummilli lider Heydər Əliyevin, eləcə də Prezident İlham Əliyevin imzaladıqları sərəncam və fərmanları diqqətə çatdırıb.
Görüşdə DSMF-nin rayon şöbəsinin müdiri Kamran Muradov çıxış edərək Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslərin pensiya və müavinətlərinin dövlətimizin başçısı tərəfindən dəfələrlə artırıldığını, əlillərin keyfiyyətli müalicəsi üçün müvafiq tədbirlərin həyata keçirildiyini söyləyib.
Çernobıl Əlilləri Cəmiyyətinin sədri Məleykə Lətifova onlara göstərilən diqqət və qayğıya görə əlillər adından dövlətimizin başçısına minnətdarlığını bildirib.