REGİONLAR
İsmayıllıda Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub
İsmayıllı, 30 dekabr, AZƏRTAC
İsmayıllılar 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü və Yeni ili təntənəli şəkildə qeyd ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram tədbirində rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov iştirakçıları təbrik edib, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün bütün ölkələrdə yaşayan soydaşlarımızı birləşdirən, həmrəy, həmfikir edən, onları Vətənimizin daha da çiçəklənməsi üçün birgə fəaliyyətə çağıran tarixi gün olduğunu vurğulayıb. İcra başçısı ümummilli lider Heydər Əliyevin dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində həyata keçirdiyi tədbirlərdən, gördüyü işlərdən danışıb.
Xalq şairi Musa Yaqub bayram iştirakçılarını təbrik edib, fəxri ada layiq görüldüyünə, ona yeni mənzil hədiyyə etdiyinə görə dövlət başçısına minnətdarlığını bildirib.
Rayon ağsaqqallar şurasının sədri Valeh Salehov, İvanovka kəndindən Nikolay Nikitin adına təsərrüfatın müşahidə şurasının sədri Olqa Jabina və başqaları çıxış edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlardan danışıblar.
Bayram tədbirində ayrı-ayrı fəaliyyət sahələrində fərqlənən bir qrup sakinə rayon icra hakimiyyətinin təşəkkürnaməsi və hədiyyələri verilib.
Səsləndirilən xalq mahnıları, ayrı-ayrı folklor və rəqs qruplarının çıxışları iştirakçılar tərəfindən maraqla qarşılanıb.