İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
İsmayıllı,15 iyul, AZƏRTAC
İsmayıllıda faciə ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər dünyasını dəyişib, bir nəfər isə ağır yaralanıb.
AZƏRTAC-ın bölgə müxbiri bildirir ki, hadisə bu gün saat 15:30 radələrində Qaraməryəm-İsmayıllı yolunun Kürdmaşı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 1975-ci il təvəllüdlü Əkbərov Həsən Ağalı oğlu idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə maşın yoldan çıxaraq aşıb. Sərnişin, 1975-ci il təvəllüdlü Tarverdiyeva Xanımqız Güləhməd qızı aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişib. Sürücü Həsən Ələkbərov yaralı halda rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Hadisə ilə bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.