İspaniya parlamenti Mariano Rahoy hökumətinə etimad göstərməyib
Bakı, 1 iyun, AZƏRTAC
İspaniya Deputatlar Konqresi (parlamentin aşağı palatası) Mariano Rahoy hökumətinə etimadsızlıq votumunu təsdiqləyib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, iyunun 1-də keçirilən və palatanın saytında birbaşa yayımlanan səsvermənin nəticəsinə əsasən, 180 deputat etimadsızlıq votumunun lehinə, 169 deputat əleyhinə çıxıb, bir nəfər isə bitərəf qalıb.
Baş nazir postuna İspaniya Sosialist İşçi Partiyasının sədri Pedro Sançesi namizəd kimi göstərən təşəbbüs həmin partiya tərəfindən irəli sürülüb. Ölkə konstitusiyasına əsasən, bundan sonra Rahoy hökuməti tərəfindən krala istefa barədə ərizə təqdim edilməli, sosialistlərin lideri isə palatanın etimadını qazanan şəxs kimi nəzərə alınmalı və kral tərəfindən nazirlər kabinetinin rəhbəri təyin olunmalıdır.
Sosialistlərdən başqa Rahoya etimadsızlıq təklifinə solçu “Podemos” (“Biz bacararıq”), həmçinin bask milliyyətçiləri və Kataloniyanın siyasi gücləri də dəstək verib. Baş nazirin Xalq Partiyası və mərkəzçi “Vətəndaşlar” partiyası təklifə qarşı çıxıb.
Məhkəmənin Xalq Partiyası tərəfdarlarının cəlb olunduğu korrupsiya üzrə səs-küylü cinayət işinə dair hökm çıxarması aşağı palatada nazirlər kabinetinə etimadsızlıq votumunun qeydiyyatdan keçməsinə əsas olub. Onlar rüşvətxorluqda, çirkli pulların yuyulmasında və vergidən yayınmaqda ittiham olunurlar. Həmçinin məhkəmə Xalq Partiyasının fırıldaqçılıqla gəlir əldə etdiyi qənaətinə gəlib və bununla bağlı partiyanın hüquqi şəxs kimi 245 min avro cərimə olunması barədə qərar verib.
Baş nazirə etimadsızlıq üzrə hazırkı səsvermə demokratik İspaniya tarixində dördüncü belə hadisədir. Bu vaxta qədər keçirilən səsvermənin heç biri dəstək qazanmamışdı. Təxminən bir il bundan öncə Deputatlar Konqresi 2011-ci ildən hökumətə başçılıq edən Rahoya etimadsızlıq məsələsini müzakirə etmişdi. O zaman təşəbbüsün arxasında sol qüvvələrin “Birləşsək, bacararıq” koalisiyası dayanırdı.
Etimadsızlıq votumunun qəbul olunması 1970-ci illərin sonlarında ölkədə demokratiya bərpa olduqdan sonra ilk dəfədir ki, baş tutur.
Mariano Rahoy 2011-ci ilin dekabrından Baş nazir postunu tutur. Nazirlər Kabinetinin indiki heyəti isə 2016-cı ilin noyabr ayında təsdiq olunub.