DÜNYA
İspaniya Puçdemon hökumətinin üç sabiq üzvünün həbsinə yeni order verib
Bakı, 5 noyabr, AZƏRTAC
İspaniya məhkəməsi Kataloniya hökumətinin 2017-ci ildə regional böhran zamanı ölkədən qaçan üç sabiq üzvü - Antoni Komin, Klara Ponsati və Luis Puçun həbsi barədə yeni Avropa orderi verib.
AZƏRTAC Europa Press agentliyinə istinadla xəbər verir ki, sonradan Belçikaya qaçan Komin Karles Puçdemonun Kataloniya hökumətinin rəhbəri olduğu dövrdə səhiyyə, Şotlandiyaya gedən Ponsati təhsil məsələləri məşğul olurdu. Həmin dövrdə region hökuməti nəzdində fəaliyyət göstərən mədəniyyət departamentinə rəhbərlik edən Puç isə Belçikaya qaçmışdı. İspaniya məhkəməsi Komin və Ponsatini qiyama təhrikdə və israfda, Puçu isə itaətsizlik və israfda ittiham edir.
Oktyabrın 14-də İspaniyanın Ali məhkəməsi qiyam və dövlət vəsaitinin israf edilməsi ittihamı əsasında Kataloniya Jeneralitetinin sabiq rəhbəri Karles Puçdemonun həbsinə beynəlxalq və Avropa orderi verib. Hazırda Puçdemon 2017-ci ildə sığındığı Belçikada yaşayır.
İspaniya Ali məhkəməsi, eyni zamanda, müstəqillik barədə referendumun təşkilində və sonradan müstəqilliyin elan olunmasında iştirak edən 12 siyasətçi barəsində hökm çıxarıb. Qiyamda günahkar bilinən doqquz siyasətçiyə 9 ildən 13 ilə qədər həbs cəzaları verilib, üç nəfər isə itaətsizliyə görə cərimələnib.
Xatırladaq ki, 2017-ci il oktyabrın 1-də Kataloniyada İspaniya hökumətinin tanımadığı və ölkənin Konstitusiya Məhkəməsi tərəfindən keçirilməsi qadağan edilən müstəqillik haqqında referendum baş tutub. Oktyabrın 21-də konstitusiyanın o vaxtadək tətbiq olunmayan 155-ci maddəsi işə salınaraq, Karles Puçdemon və muxtariyyətin hökumət üzvləri vəzifədən kənarlaşdırıb. Bundan sonra Kataloniya liderlərinə, hüquq-mühafizə orqanlarının rəhbərlərinə, parlamentin sabiq üzvlərinə və separatçı ictimai təşkilatların başçılarına qarşı qiyamın təşkili, həmçinin dövlət vəsaitinin israf edilməsi ittihamı üzrə cinayət işləri açılıb.