İspaniyanın iri şəhərlərində qlobal istiləşməyə münasibətdə fəaliyyətsizliyə qarşı etiraz aksiyaları keçiriləcək
Madrid, 16 sentyabr, AZƏRTAC
Sentyabrın 27-də İspaniyanın iri şəhərlərində hakimiyyət orqanlarının qlobal istiləşməyə münasibətdə fəaliyyətsizliyinə qarşı etiraz aksiyaları keçiriləcək. Bu hərəkat qlobal iqlim tətili adını alıb.
AZƏRTAC xəbər verir ki, gələn bazar ertəsi Nyu-Yorkda təşkil ediləcək sammit iqlim dəyişmələrinə qarşı mübarizənin qlobal müzakirələrin mühüm hissəsinə çevriləcəyi həftənin başlanğıcı olacaq. Həftə ərzində bütün planetdə qlobal istiləşməyə münasibətdə fəaliyyətsizliyə qarşı son aylar etiraz aksiyaları təşkil edən tələbə qrupları başda olmaqla, ekologiya fəallarının səfərbər ediləcəyi planlaşdırılır.
İspaniyada ekoloji qruplara 300-dən artıq təşkilat daxil olub. Söhbət təkcə təbiəti mühafizə edən qeyri-hökumət təşkilatlarından getmir, həmçinin birliklər və digər assosiasiyalar da mövcuddur.
27 sentyabr aksiyası isveçli məktəbli Qreta Tunberqin təşəbbüskarı olduğu gənclər hərəkatı çərçivəsindən kənara çıxır. Budəfəki iqlim tətilinə dəstək hərəkatına Manuel Rivas, Roza Montero, Elvira Lindo və Fernando Aramburu kimi yüzlərlə ispaniyalı yazıçılar qoşulacaq.
İqlim dəyişmələri üzrə hökumətlərarası ekspertlər qrupunun ötən ilin oktyabrında buraxdığı hesabat sənayeləşmədən əvvəlki səviyyə ilə müqayisədə qlobal temperaturun 1,5 dərəcədən yuxarı qalxmamasının təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Həmin məruzədə qeyd edilir ki, 2050-ci ilədək bu məqsədlərə nail olmaqdan ötrü istixana qazları tullantısını maksimal dərəcədə azaltmaq lazımdır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid