İstehsalat təcrübəsi keçən tələbələrlə görüş
Naxçıvan, 1 iyun, AZƏRTAC
Naxçıvan Dövlət Universitetinin memarlıq və mühəndislik fakültəsinin informasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasının III kurs tələbələri aprelin 16-dan mayın 31-dək Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində təcrübə keçiblər. Təcrübə müddətinin yekunu ilə əlaqədar nazirlikdə tələbələrlə görüş olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, görüşdə Naxçıvan Muxtar Respublikası rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına əsasən ali və orta ixtisas təhsili müəssisələrinin müvafiq ixtisaslarının Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin hamiliyinə verildiyini bildirib.
Qeyd olunub ki, müvafiq ixtisaslarda təhsil alan tələbələrlə mütəmadi görüşlər keçirilir, onlara ixtisaslarına daha dərindən yiyələnmələri üçün kömək göstərilir. Məqsəd gələcəkdə informasiya-kommunikasiya texnologiyaları sahəsində çalışacaq kadrların daha peşəkar yetişməsi, onların seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələridir. Nazirlikdə istehsalat təcrübəsində fəal iştirak edən və təhsil müəssisələrində yaxşı nəticələr göstərən tələbələr təhsillərini başa vurduqdan sonra işlə təmin olunmaq üçün nazirliyə müraciət edə bilərlər.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin memarlıq və mühəndislik fakültəsinin dekanı Cavanşir Zeynalov, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin əməkdaşları Hüsniyyə Rəcəbova, Cavid Mustafayev çıxış ediblər.
Tələbələrdən Fuad Babayev və Zeynəb Əlizadə yaradılmış şəraitə görə minnətdarlıqlarını bildiriblər.